Logo

Yüz tələbəyə adlı təqaüd verilib

18.02.2025 09:53 140 baxış
IMG

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzvü Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİRK) tərəfindən təhsildə və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 100 tələbəyə adlı təqaüd təqdim edilib.

TƏHSİL.BİZ  xəbər verir ki, AHİK-in Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) keçirilən tədbirdə Konfederasiyanın və ATİAHİRK-nın rəhbərləri, ölkənin bir sıra nüfuzlu ali təhsil müəssisələrinin rektorları, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri, AƏSMA-nın müəllim və tələbə heyəti iştirak ediblər.

Əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmış şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Sonra tədbirdə çıxış edən Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin vətənpərvər ruhda böyüməsi, potensialının reallaşdırılması, yüksək ixtisaslı kadr kimi formalaşması istiqamətində görülən işləri qeyd edib. Heydər Əliyev Fondunun Azərbaycan gəncliyinin inkişafında xidmətlərini vurğulayan Konfederasiya sədri Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə elm, təhsil, mədəniyyət, səhiyyə, idman sahələrində uğurlu layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, Konfederasiya dövlətin gənclər siyasətinə fəal dəstək verir, onların sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının qorunması və potensialının inkişaf etdirilməsi üçün müxtəlif tədbirlər və layihələr həyata keçirir. Belə layihələrdən olan “Adlı təqaüd”ün tələbə gənclərin elm və təhsilə marağının artmasına, potensialının inkişafına əhəmiyyətli töhfə verir.

Tədbirin sonunda “Adlı təqaüd”ə layiq görülən tələbələrə hədiyyələr təqdim olunub.

Təqaüd alan tələbələr çıxış edərək göstərilən etimadın onları daha yaxşı oxumağa həvəsləndirdiyini, elmə, təhsilə maraqlarını daha da artırdığını vurğulayıblar.

Qeyd edək ki, ATİAHİRK-nın “Adlı təqaüd” layihəsi 1995-ci ildən həyata keçirilir, ölkənin müxtəlif ali məktəblərində əla və yaxşı qiymətlərlə təhsil alan, eyni zamanda tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən tələbələrin təhsildəki inkişafına dəstək məqsədi daşıyır.

Xəbər lenti