Naxçıvan STEAM Təlim-Tədris Mərkəzində ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti onlayn dərs keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə STEAM Təlim-Tədris Mərkəzində STEAM tədris edilən muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “Ultimaker Cura 3D proqramından istifadə qaydaları, 3D və CNC-Lazer çap qurğusunun iş prinsipi” mövzusunda növbəti onlayn dərs keçirilib.
Mərkəzin təlimatçısı Seymur Məmmədzadə tərəfindən keçirilən onlayn dərsdə şagirdlərə CNC -lazer texnologiyalarının iş prinsipləri və tətbiq sahələri haqqında məlumatlar verilib, lazer şüası vasitəsilə materialların kəsilməsi və ya oyulmasını təmin edən CNC qurğuların istifadə qaydaları məktəblilərə izah olunub.
Qeyd edək ki, dərsin təşkilində əsas məqsəd şagirdlərə elmi-texnoloji biliklərini artırmaq, CNC-Lazer maşınlarının iş prinsipləri və istifadəsi qaydalarını öyrətmək, onların yaradıcılıq potensialını yüksəltməklə gələcəyin mühəndislərini yetişdirməkdir.