Logo

Hesablama Palatası ilə Naxçıvan Dövlət Universiteti arasında memorandum imzalanıb

18.02.2025 15:36 141 baxış
IMG

Fevralın 18-də Azərbaycan Respublikasının Hesablama Palatası ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən TƏHSİL.BİZ -in bölgə müxbirinə bildirilib ki, memoranduma əsasən, elmi-praktik əlaqələrin inkişaf etdirilməsi, ixtisaslı kadr hazırlığının təmin olunması, qarşılıqlı maraq doğuran sahələrdə mövcud təcrübənin bölüşülməsi və digər istiqamətlərdə fəaliyyətlər nəzərdə tutulub.

Sonra Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüşüb. Görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, həmçinin universitetin və Hesablama Palatasının əməkdaşları iştirak ediblər.

Vüqar Gülməmmədov dövlət maliyyəsinin idarəedilməsi, ona nəzarətin nəzəri və praktik aspektlərinə toxunub. Eyni zamanda, sədr Hesablama Palatasının strateji idarəetmə çərçivəsinə diqqət yetirib, müxtəlif ali təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində bir sıra proqramların həyata keçirildiyini qeyd edib.

Palata sədri bu çərçivədə Naxçıvan Dövlət Universiteti ilə birgə fəaliyyətin nəzərdə tutulduğunu da vurğulayıb. O, “Dövlət sektorunda audit” təlim layihəsi üzrə praktik təlimlərin əhəmiyyətindən, ixtisaslı kadrların hazırlanmasının önəmindən də bəhs edib. Bildirib ki, gələcəkdə universitet ilə əməkdaşlıq təkcə təlim proqramı ilə məhdudlaşmayacaq, həm də tələbələrin Hesablama Palatasında təcrübə keçməsi, karyera inkişafı üçün təlimlərə cəlb edilməsi, birgə tədqiqat işlərinin aparılması, universitet tələbələrinin sahə üzrə ən yaxşı məqalələrinin "Dövlət auditi" jurnalında nəşr olunması, müvafiq fənlər üzrə tədris proqramlarının müəyyənləşdirilməsinə dəstəyin verilməsi nəzərdə tutulur.

Görüş çərçivəsində Hesablama Palatasının əməkdaşları qurumun fəaliyyəti ilə bağlı geniş təqdimatlarla çıxış ediblər. Tələbələrlə dövlət maliyyə nəzarətinin əhəmiyyəti barədə fikir mübadiləsi aparıb, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Dövlət sektorunda audit” layihəsi çərçivəsində yüksək fəallıq və nəticə göstərmiş tələbələrə xüsusi sertifikatların verilməsi, həmçinin Hesablama Palatasının müvafiq struktur bölmələrində fəaliyyətə cəlb olunmaları planlaşdırılır.

Xəbər lenti