Naxçıvan Dövlət Universitetində (NDU) ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan oğulların xatirəsinin uca tutulması, gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması məqsədilə yaz semestrinin ilk günü xüsusi dərs təşkil edilib, dərs otaqlarında tələbələr şəhid ailələrini, qaziləri dinləyiblər.
NDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Universitetə dəvət olunan 53 şəhid ailəsi və qazilər bütün kurslardan tələbələrə ərazi bütövlüyü və suverenliyimiz uğrunda canlarından keçən övladlarının həyatından, döyüş yolundan danışıblar. Görüş şəhidlərin şərəfli ömür yolu ilə tələbələri yaxından tanış etmək, onların xatirəsini və bu yolda sağlamlığını itirən qazilərimizin fədakarlıqlarını əbədiləşdirmək məqsədi daşıyıb. Tədbirdə iştirak edən şəhid ailələri və qazilərə NDU adından hədiyyələr və güllər təqdim olunub.
Sonda görüş iştirakçıları ilə xatirə şəkli çəkilib.
Qeyd edək ki, Naxçıvan Dövlət Universitetində şəhid ailələri və qazilərlə mütəmadi olaraq görüşlər təşkil olunur, “Naxçıvan Şəhid Ailələri”, “Naxçıvan Qaziləri” İctimai birlikləri ilə birgə tədbirlər həyata keçirilir. Ali təhsil ocağında artıq üç ildir ki, hər il yaz və payız semestrinin ilk dərs günü şəhidlərimizin şərəfli döyüş yoluna həsr olunur.