Təhsilin İnkişafı Fondu və “STP Şirkətlər Qrupu”nun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Zərif Mühəndislər” təqaüd proqramının iştirakçıları üçün “Maliyyə savadlılığı” mövzusunda təlim sessiyası təşkil olunub.
TƏHSİL.BİZ xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb.
“Access Bank”ın təhsil və inkişaf üzrə meneceri Xumar Hüseynova tərəfindən keçirilən təlim çərçivəsində karyera üstünlüyü modeli (Career Edge Model), məşğulluğun əsas komponentləri və maliyyə stresinin iş yerinə təsiri kimi vacib mövzular müzakirə olunub. Təlim iştirakçıları iş həyatında uğurlu olmaq üçün vacib olan bacarıqlar, eləcə də karyera inkişafına təsir edən amillərlə tanış olublar.
Sessiya zamanı tələbələr aylıq büdcə planlaşdırması haqqında praktiki biliklər əldə edərək gəlirlərini daha səmərəli idarə etməyi öyrəniblər. Təlim çərçivəsində “İstək, yoxsa ehtiyac?” prinsipi üzərində müzakirələr aparılıb, bu da iştirakçılara maliyyə qərarlarını daha şüurlu şəkildə verməyə kömək edib.
Bundan əlavə, Xumar Hüseynova Azərbaycan Respublikasının Mərkəzi Bankının təqdim etdiyi virtual təhsil platformasının üstünlükləri haqqında danışaraq tələbələrin bu platformadan istifadə edərək maliyyə savadlılığını artırmaq imkanlarını vurğulayıb. O, rəqəmsal resursların təhsil və inkişaf üçün yaratdığı imkanların önəmini qeyd edib.