Bakı şəhərində 2008-2009-cu il təvəllüdlü idmançılar arasında ölkə birinciliyi keçirilib. Bakı Atletika Mərkəzində iki gün davam edən bu yarışa Naxçıvan Muxtar Respublikasından 1 məşqçi, 6 idmançı qatılıb.
Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən TƏHSİL.BİZ -ə bildirilib ki, ölkə birinciliyində iştirak edən Ordubad şəhər 3 nömrəli tam orta məktəbin IX siif şagirdi Namiq Babayev yarışda uğur qazanıb.
Yarış zamanı Namiq Babayev bu cür yarışlarda nadir rastlanan məqam yaşayıb. 1500 metr məsafəyə qaçış yarışında finişə rəqibi ilə başabaş gələn Naxçıvan atleti yekun nəticədə saniyənin 2/100 nisbətində bir fərqlə (4:33.71-4:33.69) birinciliyi əldən verib. Buna rəğmən idmançımız 3000 metr məsafədə bütün rəqiblərini geridə qoyaraq (9:58.90) qızıl medala sahib çıxıb.
Qeyd edək ki, bu nəticələrlə Namiq Babayev son on gündə iştirak etdiyi ölkə birinciliklərindən 3 qızıl və 1 gümüş medal qazanmağa müvəffəq olub.