Logo

BMU-İNHA İDP tələbələri ekoloji hakatonda uğur qazanıblar

18.02.2025 14:45 77 baxış
IMG

Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) tələbələri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və İspaniyada fəaliyyət göstərən “Impulse4Women” Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən ətraf mühitin qorunmasına həsr olunmuş hakatonda uğur qazanıblar.

Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, yarışma çərçivəsində iştirakçılardan 3 əsas mövzu üzrə innovativ həllər təqdim etmələri tələb olunub. İqlim dəyişikliyi və onun sosial-iqtisadi təsirləri, yaşıl enerji və alternativ həllər, tullantıların idarə edilməsi və təkrar emalı əsas mövzular arasında yer alıb.

Tələbələrə "Impulse4Women" Assosiasiyası və "Transformation Lighthouse" tərəfindən mentorluq sessiyaları keçirilib, habelə iştirakçılara innovativ layihələrin reallaşması üçün yaxından dəstək göstərilib.

Yarışmada BMU-İNHA İDP tələbələri - Fatimə Səlimzadənin ("İnformasiya texnologiyaları" ixtisası) təmsil olunduğu “2Green” komandası kapsullaşdırılmış bakteriyalardan istifadə etməklə özünü bərpa edən sement layihəsi ilə 1-ci, Leyla Allahverdiyevanın ("Elektrik mühəndisliyi" ixtisası) təmsil olunduğu “Cristal Clean” komandası isə içməli su problemini həll etmək məqsədilə robot texnologiyasından yararlanaraq hazırladığı layihə ilə 3-cü yerin qalibi olublar. 1-ci yerin qalibinə 3000, 3-cü yerin qalibinə isə 1000 euro mükafat verilib.

 

 

 

 


 

Xəbər lenti