Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan TƏHSİL.BİZ -ə bildirilib ki, Günəş fəallığı bir qədər zəifləyib. Alışmalara bağlı olaraq bir neçə tac kütlə atılmaları (TKA) qeydə alınıb. Günəş küləyinin maksimal sürəti saniyədə 700 kilometrədək artıb.
Fevralın 23-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 45 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10 faiz təşkil edir.
Günəş küləyinin sürətinin fevralın 18-də mənfi qütblü yüksəksürətli tac dəliyi axınlarının təsirilə artacağı gözlənilir. Ola bilsin ki, TKA-nın da təsiri əlavə olunsun, lakin bu ehtimal aşağıdır.
Avroraların müşahidə olunması ehtimalı isə yuxarı coğrafi enliklərdə 35 faiz, orta coğrafi enliklərdə 1 faizdir.
Fevralın 18-də mənfi qütblü yüksəksürətli tac dəliyi axınlarının və fevralın 15-də baş vermiş TKA təsiri ilə G1 (zəif) səviyyəli geomaqnit qasırğasının olması ehtimalı var.