Lənkəran-Astara Regional Təhsil İdarəsinin (LARTİ) tabeliyindəki təhsil müəssisələrində vakant olan bir sıra vəzifələr üzrə işə qəbul üçün test imtahanları keçiriləcək.
TƏHSİL.BİZ LARTİ-yə istinadən xəbər verir ki, yerlər laborant, kompüter laborantı, kitabxanaçı, kitabxana müdiri, katibə-makinaçı, təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, uşaq birliyi təşkilatı rəhbəri və psixoloq vəzifələri üzrədir. İmtahanlar fevralın 22-23-də Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbdə təşkil olunacaq.
22 fevral saat 11:00-da UBTR və psixoloq, saat 15:00-da təsərrüfat işləri üzrə direktor müavini və təsərrüfat müdiri, 23 fevral saat 11:00-da laborant və kompüter laborantı, saat 15:00-da kitabxanaçı, kitabxana müdiri və katibə-makinaçı vəzifələri üzrə imtahan keçiriləcək. Namizədlərə müvafiq imtahanın vaxtı və məkanı haqqında qeydiyyatdan keçdikləri nömrələrə mesaj göndərilməklə məlumat verilib.
Qeyd edək ki, namizədlərə müraciət etdikləri vəzifə üzrə 20, informatika üzrə 15, məntiq üzrə 15 sual təqdim olunacaq. Yüksək nəticə göstərənlər vəzifəyə təyin ediləcəklər.