Logo

BDU-da akademik Şahin Mustafayevin “Təbriz livasının müfəssəl dəftəri” kitabının təqdimatı olub

19.02.2025 21:38 59 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayevin ikicildlik “Təbriz livasının müfəssəl dəftəri” kitabının təqdimatı keçirilib.

Bu barədə Tehsil.biz-ə BDU-dan məlumat verilib.

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, təqdimatı keçirilən kitab həm tarixi mənbə kimi, həm də dövrün mənzərəsini öyrənmək baxımından sanballı tədqiqat işidir. “Müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan tarixşünaslığında ölkəmizin ayrı-ayrı vilayətlərinin və qonşu bölgələrin orta əsrlər sosial-iqtisadi tarixinin həmin dövr dövlətlərin arxiv materialları əsasında daha dərindən araşdırılması imkanı yaranıb. Xüsusilə Osmanlı arxivlərinin materialları, maliyyə-vergi reyestrləri – “tapu təhrir dəftərləri” əsasında araşdırılması ənənəvi elmi istiqamətlərdən birinə çevrilib. “Təbriz livasının müfəssəl dəftəri” kitabı da belə tədqiqatlardan birinin nəticəsidir. 2017-2019-cu illərdə Elmin İnkişafı Fondunun (indiki Azərbaycan Elm Fondu) dəstəyi ilə həyata keçirilmiş tədqiqat layihəsi çərçivəsində Təbriz, Marağa və Urmiyanın Osmanlı müfəssəl dəftərlərinin transliterasiya və nəşrə hazırlanması ilə bağlı işlər yerinə yetirilib. Həmin layihənin nəticəsi olaraq “Təbriz livasının müfəssəl dəftəri” ikicildliyi ərsəyə gətirilib”.

Elçin Babayev diqqətə çatdırıb ki, BDU artıq bu materiallar əsasında tədqiqatların aparılması üçün işlərə başlayıb. BDU-nun magistratura səviyyəsində “Təbriz livasının müfəssəl dəftəri”nin materialları əsasında magistrlik dissertasiyaları üçün mövzular planlaşdırılıb: “İnanırıq ki, magistrantlarımız bu zəngin mənbənin materiallarından istifadə edərək sanballı elmi-tədqiqat işləri aparacaqlar. Vətənimizin tarixinin daha dərindən öyrənilməsinə öz töhfələrini verəcəklər”.

Kitabın müəllifi, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev bildirib ki, sovet dövrü Azərbaycan tarixşünaslığında daha çox ərəb və fars mənbələrinə müraciət olunub. XVIII əsrin 20-ci illərinə aid məlumatları özündə əks etdirən Osmanlı arxivlərindən isə ümumiyyətlə istifadə olunmayıb. Bu dəftərdə 1720-ci ildən başlayaraq Osmanlı hakimiyyətinin hökm sürdüyü Təbriz ərazisində əhalinin vergi siyahısı öz əksini tapıb. Bu mənbə ilə dövrün küçə, yer, insan adları, məhsuldarlıq səviyyəsi, əhalinin sayı və məskunlaşma faizi kimi məlumatları dəqiqliklə əldə etmək, dövrün iqtisadi vəziyyətinə işıq salmaq mümkündür. Təbriz dəftəri əsasında bu torpaqlarda təkcə Osmanlı vergitoplama praktikasının özəllikləri deyil, həmçinin sosial münasibətlər, şəhər həyatı, kənd təsərrüfatı, tarixi demoqrafiya və Təbrizin XVIII əsrin 20-ci illərindəki toponimikasını öyrənmək mümkündür”.

BDU-nun Ümumi dilçilik kafedrasının müdiri akademik Nizami Cəfərov, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı, Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, professor Eynulla Mədətli, BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri professor Qulu Məhərrəmli, yazıçı Həmid Herisçi çıxışlarında “Təbriz livasının müfəssəl dəftəri” kitabının Azərbaycan tarixşünaslığının böyük uğuru olduğunu bildiriblər. Qeyd ediblər ki, tariximizin qorunması və həqiqətlərin üzə çıxarılması baxımından mükəmməl nümunə olan əsər geniş tədqiqatlar üçün başlanğıcdır.

Qeyd edək ki, ikicildlik BDU Elmi şurasının qərarı ilə çap olunub.

Xəbər lenti