Azərbaycanda səfərdə olan Türkiyənin Kırşehir Ahi Evran Universitetinin rektoru Mustafa Kasım Karahocagilin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə Dövlət Universitetində (GDU) olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə GDU-nun rektoru Yusif Yusibov Türkiyə ilə Azərbaycanın qardaşlıq əlaqələrindən danışıb, xalqlarımızın bir-birinə bağlılığının çox qədim tarixə söykəndiyini qeyd edib. Rektor GDU-nun tədris, elmi fəaliyyəti, beynəlxalq əlaqələri, eləcə də Türkiyənin bir neçə nüfuzlu universitetləri ilə əməkdaşlıq əlaqələrindən söhbət açıb.
Kırşehir Ahi Evran Universitetinin rektoru Mustafa Kasım Karahocagil öz növbəsində rəhbərlik etdiyi ali təhsil müəssisəsinin əsas fəaliyyət istiqamətləri barədə danışıb. Kırşehir Ahi Evran Universitetinin hazırladığı daxili keyfiyyət təminatı sistemi haqqında təcrübəni bölüşüb.
Görüşdə Gəncə Dövlət Universiteti ilə Kırşehir Ahi Evran Universiteti arasında əməkdaşlıq imkanları, tələbə-müəllim mübadiləsi, birgə tədqiqatların aparılması, akademik konfransların təşkili məsələləri ətraflı müzakirə edilib. Hər iki universitet arasında anlaşma memorandumunun imzalanmasına dair razılıq əldə olunub.