Bakı Mühəndislik Universitetində (BMU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə təşkil edilən “Akademik sahibkarlıq əsaslı startap və inkubasiya proqramı ”(ASSİP) layihəsi çərçivəsində hakaton keçirilib.
Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, universitetin Texnoparkında baş tutan hakatona müəllimlər, bakalavr və magistrlər qatılıblar. 22 komanda kibertəhlükəsizlik, yaşıl enerji həlləri, təhsildə rəqəmsallaşma, yaşıl maliyyə, davamlı investisiyalar sahəsində problemlərin yeni həll yollarına dair startap layihələri ilə çıxış edib.
2 gün davam edən hakatonda münsiflər heyəti tərəfindən ən uğurlu layihələr seçilib və mükafatlandırılıb. 1-ci yerə layiq görülən “Bioplastik” layihəsi 3000, 2-ci yerə çıxan “Green Guest” layihəsi 2000, 3-cü yerə sahib olan “Brain Battle” layihəsi isə 1000 manat pul mükafatı qazanıb.
ASSİP çərçivəsində növbəti mərhələdə təşkil olunacaq inkubasiya proqramına isə 10 startap layihəsinin cəlb edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, ASSİP layihəsi akademik fəaliyyətlə məşğul olan şəxslərin akademik sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi yolu ilə innovasiya ekosistemi üçün müəllim-mentorların hazırlanması və onların da iştirakı sayəsində bazara yeni startapların qazandırılmasını təmin etmək məqsədini daşıyır.