Fevralın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) II kurs magistrantların elmi-tədqiqat, elmi-pedaqoji və istehsalat (idarəetmə) təcrübələrinə başlamalarına həsr olunan konfrans keçirilib.
ADPU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, konfransı açan universitetin rektoru professor Cəfər Cəfərov magistrantların təcrübə prosesində fəal iştirakının vacibliyini vurğulayıb, bu prosesin onların gələcək elmi və pedaqoji fəaliyyətlərində mühüm rol oynayacağını qeyd edib. C.Cəfərov diqqətə çatdırıb ki, elmi və pedaqoji təcrübə magistrantların bilik və bacarıqlarını tətbiq etməsi, akademik mühitdə praktik təcrübə qazanması üçün mühüm mərhələdir.
Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov qeyd edib ki, təcrübələrdə 22 ixtisas və 28 ixtisaslaşma üzrə II kursda təhsil alan ümumilikdə 342 nəfər magistrant iştirak edəcək. Bildirilib ki, cari tədris ili üzrə də magistrantların təcrübələri elmi-tədqiqat, istehsalat (idarəetmə) və elmi-pedaqoji hissələrdən ibarət olacaq. Təcrübələr yekunlaşdıqdan sonra isə dissertasiya işlərinin müzakirə və müdafiə prosesləri başlanılacaq. MBA proqramı üzrə təhsil alan magistrantların təcrübə müddəti fərqli olacaq və yalnız müəyyən şərtləri ödəyən magistrantların dissertasiya müdafiəsinə icazə veriləcək. Dörd əcnəbi magistrantın da təcrübələrdə iştirak edəcəyini qeyd edən A.Zamanov dissertasiya işlərinin müdafiə və qiymətləndirmə qaydalarına edilmiş əlavə və dəyişiklikləri magistrantların diqqətinə çatdırıb.
Daha sonra Magistratura və doktorantura şöbəsinin müdiri Rəşad Sadıqov təcrübəçi magistrantları təcrübə mərhələsinin təşkili qaydaları ilə bağlı məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıb.