Logo

Dilçilik İnstitutunda Beynəlxalq Ana Dili Günü qeyd edilib

21.02.2025 13:40 51 baxış
IMG

Fevralın 21-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib.

İnstitutdan TƏHSİL.BİZ-ə bildirilib ki, tədbiri açan müəssisənin baş direktoru professor Nadir Məmmədli Beynəlxalq Ana Dili Gününün təsis tarixindən danışıb. İnstitutun direktoru bildirib ki, dil xalqın simasını səciyyələndirən mühüm amillərdən biri, onun milli sərvətidir. Ana dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin əsas səhifəsidir.

Professor N. Məmmədli qeyd edib ki, Azərbaycan dili özünün hazırkı səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçib. Azərbaycan dilinin inkişafı, onun saflığının qorunması və təkmilləşdirilməsi istiqamətində fərman və sərəncamlar imzalanıb, dövlət proqramları həyata keçirilib.

Elmi sessiyada diqqətə çatdırılıb ki, dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Sessiyada Dilçilik İnstitutunun əməkdaşlarından filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Məmmədova “Yeni media blok dili”, dosent Vəfa Abdullayeva Nəbiyeva “Azərbaycan dili və nitq mədəniyyəti məsələləri”, dosent Dilbər Camali “Müasir Azərbaycan dilində nitq normalarının pozulması”, elmi işçi Səma Vəliyeva “Azərbaycan dili və gəncliyimiz” mövzusunda məruzələrlə çıxış ediblər.


 

Xəbər lenti