Fevralın 17-də AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkəmizdə səfərdə olan Qazaxıstan parlamentinin deputatları ilə görüşüb.
AMEA-dan TƏHSİL.BİZ -ə bildirilib ki, görüşdə çıxış edən akademik İsa Həbibbəyli son illərdə ölkələrimiz arasında əlaqələrin Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin yüksək dostluq, qardaşlıq münasibətləri sayəsində özünün ən yüksək dövrünü yaşadığını bildirib. Qeyd edib ki, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, elm sahəsində də əlaqələr yüksək səviyyədə inkişaf edib. Azərbaycan Milli Elmlər Akademiyası bu gün qardaş Qazaxıstanın akademik elmi qurumları və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. AMEA rəhbəri hər iki ölkənin alimlərinin birgə iştirakı ilə elmi konfransların, simpoziumların, layihələrin həyata keçirildiyini, tədqiqatların aparıldığını, monoqrafik əsərlərin ərsəyə gətirildiyini diqqətə çatdırıb.
Azərbaycan Prezidentinin Türk dünyasını bizim ailəmiz adlandıraraq prioritet istiqamət elan etdiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli bildirib ki, AMEA-da da dövlətimizin başçısının müəyyən etdiyi bu istiqamət üzrə türk ölkələrinin elmi qurumları ilə əməkdaşlıq əlaqələri daha da genişləndirilir.
Sonra çıxış edən Qazaxıstan parlamentinin deputatı, Elm və sosial-mədəni inkişaf komitəsinin üzvü Altınbek Nuhulı ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti, alimlər arasındakı elmi əlaqələrin perspektivləri barədə söhbət açıb.
Daha sonra qonaqlara kitab hədiyyələri təqdim olunub, xatirə şəkilləri çəkilib.
Görüşdən sonra qonaqlar AMEA Rəyasət Heyətinin tarixi binası ilə tanış olub, 1926-cı ildə Birinci Türkoloji Qurultayın keçirildiyi AMEA-nın Böyük zalına baxıblar.
Görüşdə Qazaxıstan parlamentinin deputatı Sinkar İslam, parlamentin əməkdaşı Saltanat Ayubayeva və Qazaxıstanın Azərbaycandakı səfirliyinin əməkdaşı Arman Beksultanov da iştirak ediblər.