Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz çərçivəsində növbəti həmsöhbətimiz Bakıdakı 242 nömrəli orta məktəbin fiziki tərbiyə müəllimi Hüseyn Hüseynov oldu.
- Neçə ildir fiziki tərbiyə müəllimi olaraq çalışırsınız?
- 15 ildir. 2003-2007-ci illər də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bədən tərbiyəsi və idman ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişəm. 2008-2010-cu illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistratura pilləsi üzrə təhsil almış, bu təhsilimi də fərqlənmə diplomu ilə bitirmişəm. 2016-2020-ci illərdə Azərbaycan Respublikasının Təhsil İnstitutunun doktorantura pilləsində təhsil almışam. 2009-2014-cü illər ərzində Azərbaycan Müəllimlər İnstitutunda fiziki tərbiyə müəllimi işləmiş, həm bakalavr, həm də ixtisasartırma fakultəsində dərs demişəm. 2014-cü ildən Akademik Zərifə Əliyeva adına liseydə fiziki tərbiyə müəllimi işləyirəm. Bundan əlavə 2013/17, 2018 -2022 ci illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində dərsliklərin qiymətləndirilməsi üzrə ekspert, 2017-2018-ci illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində dərsliklərin qiymətləndirilməsi şürasının üzvü olmuşam. 2012-2016-cı illərdə fiziki tərbiyə kurikulumu üzrə təlimçi işləmişəm. 2019-cu ildən Tops proqramı (fiziki tərbiyə) üzrə təlimçi-müəlliməm. "Ən yaxşı müəllim" müsabiqəsinin qalibiyəm. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişəm. Azərbaycan Respublikası Elm və Təhsil Nazirnin əmri ilə 2023-cü ildə “Qabaqcıl təhsil işçisi” adına layiq görülmüşəm.
- Müəllimlik peşəsi çətin bir sənətdir. Bəs fiziki tərbiyə müəllimi olmağın hansı xüsusi çətinlikləri var?
- Fiziki tərbiyə müəllimi olmaq maraqlı və məsuliyyətli bir peşədir, lakin bu sahədə müəyyən çətinliklər də mövcuddur. İlk növbədə, müəllim daim fiziki cəhətdən aktiv olmalı, şagirdlərə nümunə göstərməli və onların hərəkətlərini idarə etməlidir. Bu isə zamanla yorğunluq və hətta müxtəlif zədələrin yaranmasına da səbəb ola bilir. Eyni zamanda, bəzi şagirdlər idmana maraq göstərmir və onların motivasiyasını artırmaq müəllim üçün çətin bir vəzifəyə çevrilir. Fiziki tərbiyə dərslərində zədə və xəsarət riski də mövcuddur. Şagirdlər fiziki hərəkətləri icra edərkən ehtiyatsızlıq səbəbindən zədələnə bilər və bu zaman müəllim onların təhlükəsizliyini təmin etmək məsuliyyətini daşıyır. Məktəblərdə fiziki tərbiyə dərslərinin keçirilməsi üçün lazımi şəraitin və avadanlıqların olmaması da problemlərdən biridir. İdman zalının və açıq meydançaların kifayət qədər geniş və yaxşı vəziyyətdə olmaması, həmçinin avadanlıq çatışmazlığı müəllimin işini çətinləşdirə bilər. Bununla yanaşı, açıq məkanlarda və ya böyük idman zallarında şagirdlərin idarə edilməsi və intizama riayət olunması da əlavə problemlər yarada bilər.
- Bütün bunları nəzərə alaraq, məktəblərdə fiziki tərbiyə fənninin keyfiyyətini necə qiymətləndirirsiniz?
- Orta məktəblərdə fiziki tərbiyə fənninin keyfiyyəti müxtəlif amillərdən asılıdır və məktəbdən məktəbə dəyişə bilər. Bu fənnin keyfiyyətini qiymətləndirərkən əsasən infrastruktur, müəllimlərin peşəkarlığı, dərs proqramı, şagirdlərin motivasiyası və məktəb rəhbərliyinin yanaşması kimi amillər nəzərə alınmalıdır. Peşəkar və motivasiyalı müəllimlər şagirdlərə fiziki tərbiyəni, idmanı sevdirə və onlara sağlam həyat tərzini aşılaya bilirlər. Müasir metodların tətbiqi və interaktiv dərs üsullarının inkişaf etdirilməsi bu sahədə keyfiyyəti artıran əsas faktorlardandır. Hazırda müəllimlərin işə müsabiqə yolu ilə qəbul edilməsi bu istiqamətdə keyfiyyətə müsbət təsir göstərir. Dərs proqramı və metodika da fiziki tərbiyə fənninin effektivliyinə təsir edir. Müxtəlif idman növlərinin, oyunların və əyləncəli məşğələlərin dərs prosesinə daxil edilməsi şagirdlərin dərslərdə daha fəal iştirak etməsinə kömək edir. Eyni zamanda, fiziki hazırlığı zəif olan və ya xüsusi ehtiyacları olan şagirdlərə fərdi yanaşma tətbiq edilməsi də vacibdir. Şagirdlərin fiziki aktivliyə marağı və motivasiyası da bu fənnin keyfiyyətini müəyyənləşdirən əsas amillərdəndir. Şagirdlərin çoxu fiziki tərbiyə dərslərini sevir və fəal iştirak edirlər, digərləri isə bu dərslərə maraq göstərmir və müxtəlif yollarla dərsdən yayınmağa çalışırlar. Bu problemi həll etmək üçün müəllimlər şagirdlərin maraq dairəsini nəzərə alaraq daha cəlbedici dərs metodları tətbiq etməlidirlər. Fiziki tərbiyə fənninin keyfiyyətinə təsir edən digər mühüm amil məktəb rəhbərliyinin bu fənnə verdiyi dəyərdir. Keyfiyyətin artırılması üçün məktəblərdə şəraitin yaxşılaşdırılması, müəllimlər üçün müasir təlimlərin keçirilməsi, şagirdlərin motivasiyasını artıran interaktiv yanaşmaların tətbiqi və məktəb rəhbərliyinin bu fənnə daha çox diqqət yetirməsi vacibdir. Əgər bu sahədə təkmilləşdirmə işləri aparılarsa, fiziki tərbiyə fənni şagirdlər üçün daha da maraqlı və faydalı olar.
- Fiziki tərbiyə müəllimləri dərsləri hansı metodlarla aparırlar?
- Orta məktəblərdə fiziki tərbiyə müəllimləri dərsləri müxtəlif səviyyədə və fərqli metodlarla aparırlar. Fiziki tərbiyə dərsləri adətən müəyyən bir struktur üzrə keçirilir. Dərsin əvvəlində müəllim şagirdləri sıraya düzərək onları motivasiya edir və məlumat verir. Daha sonra dərsin hazırlayıcı hissəsində ümuminkişaf və hazırlayıcı hərəkətləri icra etdirir. Bu da orqanizmin əsas hərəkətlərə hazır olması üçün vacib bir mərhələdir. Daha sonra əsas hissəyə keçid edilir. Bu hissədə müəllim şagirdlərə dərsin mövzusuna aid müxtəlif tapşırıqlar verir. Hərəki qabiliyyətlərin inkişafı üçün atletika, gimnastika, futbol, basketbol, voleybol və digər idman növlərinin elementlərindən istifadə edilir. Dərsin sonunda isə tənəffüs hərəkətləri və qiymətləndirmə aparılır. Müəllim dərsdə fəal iştirak edən şagirdləri dəyərləndirir və fiziki aktivliyin vacibliyi barədə qısa məlumat verir.
Hər bir müəllimin dərs keçmə metodu fərqli ola bilər. Müəllimlər yenilikçi və interaktiv metodlardan istifadə etməlidirlər. Müxtəlif oyunlar, komanda işinə əsaslanan fəaliyyətlər və texnologiyadan istifadə edərək dərsləri daha maraqlı və əyləncəli hala gətirirlər. Bu yanaşma şagirdlərin fiziki tərbiyə dərslərinə həvəslə yanaşmasına və aktiv iştirak etməsinə səbəb olur.
Qiymətləndirmə sistemi də müxtəlif ola bilər. Müasir yanaşmada əsas məqsəd şagirdlərə fiziki aktivliyin həyat üçün vacibliyini aşılamaq və hər bir şagirdin öz bacarıqlarına uyğun inkişaf etməsinə şərait yaratmaqdır.
- Orta məktəb şagirdləri hansı idman yarışlarında iştirak edirlər?
- Əvvəlki illərdə məktəblər arasında daha çox yarışlar keçirilirdi. Pandemiyadan sonra bu yarışların sayında azalmalar müşahidə edilir. Hazırda hər bir rayon üzrə Gənclər və İdman idarələri müxtəlif idman növləri üzrə yarışlar təşkil edir. Bununla yanaşı 2019-cu ildən fəaliyyət göstərən OCEP lahiyəsi üzrə məktəblərdə və məktəblər arasında müxtəlif tədbirlər, idman festivalları və idman növləri üzrə yarışlarda təşkil edilir. Fəaliyyətləri aktiv olan müəllimlər özləri bir araya gələrək məktəblər arası belə yarışları təşkil edirlər. Bundan əlavə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Qrand Müsabiqələrdə qalib gələrək bir neçə məktəb arasında belə yarışlar təşkil edən müəllimlərimiz az deyil.
- Uşaqlar daha çox hansı idman növlərinə maraq göstərirlər?
- Çox sevindirici haldır ki, şagirdlərimiz elm, bilik öyrənməklə yanaşı bir və ya bir neçə idman növlərinə də maraq göstərirlər. Fəaliyyət göstərdiyim təhsil müəssisələrində bir çox idman növləri üzə istedadlı şagirdlər rast gəlmişəm. Həm təkmübarizlik, həm də komandalı idman növləri üzrə. Lakin say baxımında bu məsələ yanaşdığımızda komandalı idman növlərinə şagirdlər daha çox maraq göstərirlər. Ümumilikdə şagirdlərimin futbol, voleybol, basketbol, stolüstü tennis, badminton, şahmat və atlitika idman növləri üzrə maraqlarını müşahidə etmişəm. Bu şagirdlərin içərisində hətta bu idman növü üzrə peşəkar səviyyədə məşğul olanların sayı ildən-ilə daha da artır.
- Sizcə, uşaqları pis vərdişlərdən qorumaq məqsədi ilə onları idmana necə yönləndimək lazımdır?
- Ölkədə yeniyetmələr və məktəblilər arasında idmanın səviyyəsini artırmaq və onları pis vərdişlərdən qorumaq üçün bir sıra vacib addımlar atılmalıdır. Fiziki aktivliyin təşviq edilməsi, sağlam həyat tərzinin təbliği və idman imkanlarının genişləndirilməsi gənclərin sağlam inkişafında mühüm rol oynayır. Bu istiqamətdə görüləcək tədbirlər dövlət, məktəblər, ailələr və cəmiyyətin digər üzvləri tərəfindən birgə həyata keçirilməlidir. İlk növbədə, məktəblərdə fiziki tərbiyə dərslərinin keyfiyyəti artırılmalıdır. Dərslər daha maraqlı, interaktiv və müxtəlif idman növləri ilə zənginləşdirilməlidir. Müəllimlər müasir metodlardan istifadə edərək şagirdlərin fiziki aktivliyə marağını artırmalıdırlar. Həmçinin məktəblərdə idman infrastrukturu gücləndirilməli, yeni idman zalları və açıq hava meydançaları yaradılmalıdır. Məktəblərin idman avadanlıqları ilə təmin olunması uşaqların müxtəlif idman növləri ilə məşğul olmasına şərait yaradar. Məktəbdənkənar fəaliyyətlərin təşviq edilməsi də vacib addımlardan biridir. Yeniyetmələrin boş vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif idman klubları və dərnəklər təşkil olunmalıdır. Futbol, basketbol, voleybol, üzgüçülük və digər idman növləri üzrə pulsuz və ya güzəştli əsaslarla fəaliyyət göstərən klubların yaradılması uşaqların idmana marağını daha da artıracaq. Bundan əlavə, məktəblilər arasında idman yarışları və kütləvi idman tədbirləri təşkil olunmalıdır. Rayon, şəhər və respublika səviyyəsində keçirilən turnirlər uşaqlar arasında idmana marağı artıracaq, onlara rəqabət ruhu aşılayacaq və sağlam həyat tərzini təşviq edəcəkdir. Valideynlərin də idmanın təbliğində mühüm rolu var. Onlar övladlarını idman fəaliyyətlərinə təşviq etməli və onlara sağlam həyat tərzi nümunəsi göstərməlidirlər. Ailələrin dəstəyi olmadan uşaqların idmana marağını artırmaq çətin ola bilər. Valideynlər uşaqlarını idman klublarına yazdırmalı, onlarla birlikdə açıq havada fiziki fəaliyyətlə məşğul olmalı və onları hərəkətli həyat tərzinə alışdırmalıdırlar.
Pis vərdişlərdən qorumaq üçün maarifləndirmə işləri də aparılmalıdır. Məktəblərdə və gənclər mərkəzlərində siqaret, alkoqol və digər zərərli vərdişlərin fəsadları haqqında seminarlar təşkil edilməlidir. Peşəkar idmançılar və psixoloqlar məktəblərdə görüşlər keçirərək, sağlam həyat tərzinin əhəmiyyətini vurğulamalıdırlar. Ölkənin tanınmış idmançılarının dəstəyi və nümunəsi də böyük əhəmiyyət daşıyır.
- Şagirdlərinizə idmanla məşğul olmaq üçün necə motivasiya verirsiniz?
- Şagirdləri idmana həvəsləndirmək üçün müxtəlif motivasiya üsullarından istifadə edirəm. Çünki fiziki tərbiyə dərslərinin maraqlı və interaktiv olması, şagirdlərin idmana olan marağını artırmaq üçün vacib amildir. Bu məqsədlə fəqli yanaşmalar tətbiq etməyə çalışıram. Tətbiq etdiyim yanaşmalar da həmişə diqqət mərkəzində saxladığım məqam motivasiya zamanı verdiyim informasiyaların şagirdlərin gündəlik həyat nümünələrinə uyğun olmasını təmin edirəm. Dərsləri oyun əsaslı maraqlı və əyləncəli təşkil edirəm. Komandalı fəaliyyətlər tətbiq etməklə onların dərsdən zövq almalarını həyata keçirirəm. Bu onlarda komanda ruhunun inkişaf etdirilməsi və dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün əsas faktorlardan biridir. Daim onların hər bir fəaliyyətini dəyərləndirirəm. Uğursuzluqları gördükdə bunu bacaracaqlarına inandırıram və növbəti fəaliyyətə həvəsləndirirəm. Məhşur idmançılarımızdan onlar nümünələr gətirirəm və onların həyat hekayələri haqqında onlara məlumatlar verirəm. Eyni zamanda bəzi idmançılarla şagirdlər arasında görüşlərdə təşkil edirəm. Texnologiyanın imkanlarından istifadə edərək onlara müəyyən şəkil və videolar təqdim edirəm. İdman mövzusunda şagirdlərlə seminar və viktorinalar təşkil edirəm. Şagirdlərin maraq və istəklərini daim diqqət mərkəzində saxlayıram. Valideynləri ilə əlaqə saxlamağa çalışıram. Valideyn iclaslarında onlara övladları ilə bağlı məlumatlar verirəm. Şagirdlərin daim həvəsli olmaları üçün hazırda fəaliyyət göstərdiyim Akademik Zərifə Əliyeva adına liseydə il boyu yarışlar keçirirəm. Bu yarışlar artıq liseyimizdə bir ənənə halını alıb.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub