Logo

ADPU “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsi elan edir

25.02.2025 14:09 65 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universiteti 27 Mart Elm Günü münasibətilə ADPU və onun filiallarında pedaqoji fəaliyyət göstərən, yaşı 39-a qədər olan gənclər arasında “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsini təşkil edir.

Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, müsabiqənin əsas məqsədi 2024-cü il ərzində səmərəli elmi-pedaqoji fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, nüfuzlu jurnallarda elmi məqalələri dərc edilmiş, monoqrafiya, dərslik, dərs vəsaiti, proqram və digər elmi əsərləri olan, eyni zamanda ADPU-nun və filiallarının ictimai-siyasi həyatında fəallığı ilə fərqlənmiş perspektivli gənclərin müəyyənləşdirilməsi və mükafatlandırılmasıdır.

Müsabiqədə 2 nominasiya – “Riyaziyyat və təbiət elmləri” və “Humanitar, ictimai, pedaqoji-psixoloji elmlər” kateqoriyaları üzrə qaliblər müəyyənləşdirilərək diplom və pul mükafatı ilə mükafatlandırılacaqlar.

Müsabiqənin mükafat fondu aşağıdakı kimidir:

“Riyaziyyat və təbiət elmləri” kateqoriyası  üzrə

I yer – 350 manat

II yer – 250 manat

III yer – 150 manat

“Humanitar, ictimai, pedaqoji-psixoloji elmlər” kateqoriyası üzrə:

I yer – 350 manat

II yer – 250 manat

III yer – 150 manat

Müsabiqəyə təqdim olunan sənədlər ADPU Elmi Şurasının nəzdindəki Elm Komissiyası tərəfindən aşağıda göstərilən meyarlar üzrə qiymətləndiriləcək:

· Çap olunmuş elmi əsərlər ( elmi məqalə, monoqrafiya, dərslik, dərs vəsaiti və s.);

· Dissertasiya işinin müdafiəsi (avtoreferat və ya diplomun surəti);

· 2024-cü ildə topladığı reytinq balı (Keyfiyyətin təminatı şöbəsi tərəfindən təsdiqlənmiş arayış əsasında);

· Elmin populyarlaşdırılması istiqamətində fəaliyyət, müxtəlif yığıncaqlarda, konfrans və “dəyirmi masa”larda, ictimaiyyətlə görüşlərdə elmi çıxışlar, TV, radio, KİV-də müsahibələr, məqalələr (iştirakı təsdiqləyən material və ya link göstərilməklə);

· Respublika və beynəlxalq səviyyəli elmi konfranslarda iştirak;

· Nüfuzlu elmi jurnallarda dərc olunmuş məqalələr;

· ADPU-nun ictimai həyatında fəallığı, təlimlərdə iştirakı, elmi-təşkilati və pedaqoji fəaliyyət;

· Digər uğurlar.

Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər kağız daşıyıcılarda 17 mart 2025-ci il saat 17:00-dək ADPU-nun Əqli mülkiyyətin qorunması şöbəsinin mütəxəssisi Nərmin Cümşüdovaya (Əsas tədris binası, 261-ci otaq) təqdim edilməlidir.

Əlavə məlumat: +994124930585

 


 

Xəbər lenti