Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar 26 fevral tarixində Təhsil İnstitutunda anım tədbiri keçirilib.
İlk olaraq tədbirdə Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra institutun direktor müavini Fuad Qarayev giriş nitqi ilə çıxış edərək, XX əsrin faciəsi hesab olunan Xocalı soyqırımının acı nəticələrindən, dünya arenasında Xocalı soyqırımının tanınmasından, Ümummilli lider Heydər Əliyev və cənab İlham Əliyevin yürütdüyü siyasət, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş irimiqyaslı tədbirlərdən bəhs edib.
Anım günü ARTİ-nin Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri professor İntiqam Cəbrayılov Xocalı soyqırımının 33-cü il dönümünə həsr olunmuş təqdimatı və tədbir iştirakçılarının çıxışları ilə davam edib.
Təqdimata ilk olaraq professor İntiqam Cəbrayılovun “Xocalı soyqırımı XX əsrin faciəsidir” adlı mövzusu ilə başlanılıb. O, çıxışında 1990-cı illərdə Azərbaycanda mövcud siyasi vəziyyət, erməni terrorçularının amansızlıqları, torpağını canı bahasına müdafiə edən qəhrəmanlar və Xocalı soyqırımının tanınmasında Azərbaycan xarici siyasətinin istiqamətləri haqqında məlumat verib. Daha sonra İntiqam Cəbrayılov Xocalının işğaldan azad edilməsindən, Xocalı sakinlərinin doğma torpaqlarına geri qayıtmasından bəhs edib.
Tədbirdə direktor müavinləri Aydın Əhmədov, İlham Cavadov, Kənan Kərimli, Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri Elxan Bəylərov, elmi katib Akif Abbasov çıxışları zamanı soyqırımın sağalmayan yara olduğunu qeyd edərək, ermənilərin torpaq iddialarının qədim dövrlərə dayandığını, Xocalı faciəsinə gedən yolun baş verdiyi tarixi hadisələri şərh edərək, faciənin xronikasından bəhs ediblər.
Anım mərasimində Azərbaycan xalqı tərəfindən faciə qurbanlarının əziz xatirəsinin daim yad ediləcəyi, unudulmayacağı vurğulanıb.