3x3 basketbol üzrə “ABB Gənc Basketbol Liqası”nın ilk mərhələsinin qalibi İdman Akademiyasının əsas komandası olub.
Azərbaycan Basketbol Federasiyasından TƏHSİL.BİZ -ə verilən məlumata görə, dünən Bakı İdman Sarayında 3x3 basketbol üzrə “ABB Gənc Basketbol Liqası”nın ilk mərhələsinə yekun vurulub.
Yarımfinal oyunlarında İdman Akademiyasının əsas komandası BSU üzərində 18-15, ikinci komandası isə AzTU üzərində 22-20 hesablı qələbələr qazanaraq finala vəsiqə əldə ediblər. İlk mərhələnin finalında isə İdman Akademiyasının əsas və ikinci komandaları üz-üzə gəliblər. Həmin oyunda İdman Akademiyasının əsas komandası 21-18 hesabı ilə qalib gələrək “ABB Gənc Basketbol Liqası”nın ilk mərhələsinin çempionu olub.
Qalib komandaya mükafatları Azərbaycan Basketbol Federasiyasının (ABF) idman direktoru Turqay Zeytingöz və turnirin təşkilatçısı Nicat Mirzəyev təqdim ediblər.
Qeyd edək ki, “ABB Gənc Basketbol Liqası”nın növbəti mərhələsi mart ayında keçiriləcək.