Fevralın 25-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bu barədə Tehsil.biz-ə institutdan məlumat verilib.
Tədbiri İqtisadiyyat İnstitutunun baş meneceri Şakir Alıyev açaraq Xocalı soyqırımının tariximizdə ən dəhşətli faciə olduğunu, dinc insanların məqsədli şəkildə xüsusi amansızlıqla qətlə yetirildiyini bildirib. Qeyd olunub ki, 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qəddarcasına öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Həmin gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indiyədək məlum deyil. Bir sözlə, Xocalı faciəsi bəşəriyyətin ən dəhşətli soyqırımlarından biri kimi qiymətləndirilməlidir.
Sonra çıxış edənlər - İqtisadiyyat İnstitutunun aparıcı elmi işçiləri Tanrıverdi Paşa, dosent Mahir Zeynalov, dosent Tariyel Qurbanov və başqaları tarixən ermənilərin xalqımızın başına gətirdikləri faciələrdən, zaman-zaman tarixi torpaqlarımızı işğal etmələrindən, xalqımızın düşmənlə mübarizə əzmindən danışıblar. Qeyd olunub ki, xalqımız baş verənləri heç vaxt unutmamalı, ondan nəticə çıxarmalıdır. Xocalı qurbanlarının, bütün şəhidlərimizin qisası alınıb, torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub. Hazırda Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində xalqımıza qarşı hərbi cinayətlər törətməkdə təqsirləndirilən 15 nəfər erməniəsilli şəxsin cinayət işi üzrə məhkəmə iclasları keçirilir. Bütün cinayətkarlar öz layiqli cəzalarını alacaqlar.
Çıxışlarda vurğulanıb ki, Qarabağda irimiqyaslı bərpa və yenidənqurma işləri uğurla davam edir, məskunlaşma daha böyük vüsət alır və bu yerlərin əsl sakinləri öz dədə-baba torpaqlarımızda, o cümlədən Xocalıda əbədi yaşayacaqlar.