Logo

ADU-da “Qisasın alındı, azad Xocalı” adlı anım tədbiri keçirilib

26.02.2025 21:38 27 baxış
IMG

Fevralın 26-da Azərbaycan Dillər Universitetində (ADU) Xocalı faciəsinə həsr edilmiş “Qisasın alındı, azad Xocalı” adlı tədbir keçirilib.

Universitetdən Tehsil.biz-ə bildirilib ki, əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Sonra ADU-nun rektoru akademik Kamal Abdulla Xocalı faciəsi ilə bağlı fikirlərini bölüşüb. Qeyd olunub ki, Xocalı faciəsi Azərbaycan xalqının qan yaddaşıdır. Erməni vandalları tərəfindən törədilən bu cinayət insanlıq adına böyük ləkədir. Azərbaycan xalqı Xocalı faciəsinin qurbanlarının xatirəsini daim əziz tutacaq: “Xocalı bizim əzəli və əbədi yurdumuzdur. Bu gün qalib xalq kimi öz doğma torpaqlarımıza qayıtmağın təntənəsini yaşayırıq. Buna görə şəhidlərimizə, qazilərimizə borcluyuq. Ali Baş Komandanın müdrik siyasətinə, iradəsinə və cəsarətinə borcluyuq. Xocalı faciəsi əbədi olaraq yaddaşımızdadır. Bu soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, həm də bütün insanlığa qarşı törədilmiş cinayətdir. Azərbaycan Ordusu 44 gün ərzində şanlı Qələbə qazanaraq tarixi uğura imza atdı və şəhidlərimizin qısasını aldı.

Xocalı qurbanlarının ruhu şaddır, onların qanı yerdə qalmadı. Bu gün Azərbaycan xalqı inamla, ümidlə və şövqlə yenidən öz doğma yurduna, elinə, obasına qayıdır. Bu gün Xocalı yenidən qurulur, Xocalıya həyat qayıdır. Bu gün dünya Azərbaycan həqiqətlərinə, prinsiplərinə və mövqeyinə daha çox inanır”.

Daha sonra Xocalı soyqırımı ilə bağlı hazırlanan videoçarx izlənilib.

Regionşünaslıq kafedrasının müəllimi Sara Ələsgərova “Xocalı faciəsinə beynəlxalq reaksiya” mövzusunda məruzə ilə çıxış edib. Dünya ictimaiyyətinin Xocalı soyqırımı ilə bağlı mövqeyi şərh olunub.

ADU-nun Beynəlxalq münasibətlər kafedrasının doktorantı Aynur Məmmədova, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının baş müəllimi Ramin Quliyev məruzələrlə çıxış ediblər. Qeyd olunub ki, Xocalı faciəsinin səbəbkarlarının bir qismi bu gün Azərbaycan qanunları çərçivəsində öz cəzalarını alır.

Tədbir tələbələrin hazırladığı “Qisasın alındı, azad Xocalı” adlı bədii hissə ilə sona çatıb.

Xəbər lenti