Fevralın 26-da Bakı Slavyan Universiteti(BSU) və Yeni Azərbaycan Partiyası(YAP) Nəsimi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunan " Xocalı soyqırımı: tarixi ədalətin bərpası " mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə BSU-nun rektoru Anar Nağıyev, YAP-ın Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, Milli Məclisin deputatları Bəxtiyar Əliyev, Asif Əsgərov,Vüqar Rəhimzadə, Sevinc Fətəliyeva, həmçinin universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Tədbir Xocalı soyqırımı qurbanlarının və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb, daha sonra Xocalı faciəsinə həsr olunan videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu qeyd edərək bu qətliamı yalnız Azərbaycanın tarixində deyil, bəşəriyyətin tarixində ən dəhşətli faciələrdən biri kimi səciyyələndirdi. A.Nağıyev bildirdi ki, Xocalı faciəsi müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda o vaxtkı siyasi hakimiyyətin səriştəsizliyinin və təcavüzkar düşmənin vəhşiliyinin nəticəsi idi. Ötən dövr ərzində Azərbaycan dövləti Xocalı faciəsinə ədalətli qiymətin verilməsi istiqamətində fəaliyyətlər həyata keçirsə də, təəssüf ki, beynəlxalq ictimaiyyətin bu faciəyə ikili standartlardan yanaşması həqiqətin üzə çıxarılmasına imkan vermədi. Rektor Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyasının əhəmiyyətindən danışaraq bu kampaniyanın Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynadığını qeyd edib. Rektor vurğulayıb ki, 80-ci illərin sonları və 90-cı illərin əvvəllərində Azərbaycan xalqının başına gətirilmiş bir çox digər hadisələr kimi Xocalı faciəsi də Ulu Öndər Heydər Əliyevin həmin dövrdə siyasi rəhbərlikdə olmaması səbəbindən baş verdi. Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi müstəqil Azərbaycan dövlətinin qurulması və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən 2020-ci ildə ərazi bütövlüyümüzün təmin olunması və ardınca suverenliyimizin bərpası Xocalıya qayıdışımızı təmin etdi. Rektor çıxışında qeyd etdi ki, biz xoşbəxt nəsilik ki, Xocalıda bayrağımızın yüksəldilməsinin şahidləriyik. A.Nağıyev çıxışında həmçinin BSU-nun Qarabağ və Şərqi Zəngəzur bölgələri ilə bağlı elmi tədqiqatlar apardığını, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ciddi işlər gördüyünü diqqətə çatdırıb.
Tədbirdə çıxış edən YAP Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov Xocalı faciəsinin Azərbaycan xalqı üçün böyük bir yara olduğunu, lakin bu tarixi hadisənin xalqımızı daha da birləşdirdiyini və gücləndirdiyini bildirib:
"Xocalı bizim ağrımızdır, bizim yaramızdır. Amma bu yara bizi zəif salmır, əksinə, birləşdirir və gücləndirir. Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin, Mehriban xanım Əliyevanın və Leyla xanım Əliyevanın səyləri nəticəsində Xocalı həqiqətləri dünya miqyasında səslənir. Biz susmayacağıq! Biz unutdurmayacağıq! Xocalıya ədalət gələnə qədər mübarizəmiz davam edəcək!"
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Bəxtiyar Əliyev Xocalı soyqırımının tarixi haqqında dolğun məlumat verərək faciənin başvermə səbəblərindən, erməni silahlı birləşmələrinin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi amansız qətliamlardan bəhs edib. B.Əliyev bu faciənin yalnız Azərbaycan tarixi üçün deyil, ümumbəşəri ədalət baxımından da mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Milli Məclisin deputatı Asif Əsgərov çıxışında Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri olduğunu qeyd edərək bu soyqırımın beynəlxalq səviyyədə tanıdılması və günahkarların layiqli cəzasını alması üçün bütün mümkün vasitələrlə mübarizənin davam etdirilməsinin vacibliyini qeyd edib.
Milli Məclisin deputatı, BSU-nun Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə Xocalı faciəsinin beynəlxalq səviyyədə tanıdılması və tarixi ədalətin bərpası istiqamətində görülən işlər barədə bəhs edib.
Milli Məclisin deputatı, BSU-nun Roman-german dilləri kafedrasının müdiri Sevinc Fətəliyeva bu faciənin dünya ictimaiyyətinə çatdırılması üçün dövlət, ictimai təşkilatların rolundan danışıb.
BSU-nun Azərbaycanşünaslıq ETL-nın müdiri Sadir Məmmədov Xocalı faciəsinin canlı şahidi kimi öz xatirələrini bölüşüb, İbtidai təhsil kafedrasının baş müəllimi Dilbər Bəşirova Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyasının əhəmiyyəti və nəticələri barədə məlumat verib. Magistratura və doktorantura şöbəsinin müdiri Elnur Kəlbizadə isə ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunduqdan sonra Xocalıya qayıdış və gələcəyə baxış mövzusunda çıxış etdi.
Sonda iştirakçılar BSU tələbələrinin rəsmlərindən ibarət “Xocalıya Ədalət” adlı sərgi ilə tanış olublar.