Müəllimlərin nüfuzunu qorumaq və məktəblərdə sağlam tədris mühiti yaratmaq üçün valideynlər öz məsuliyyətlərini dərk etməlidir.
Son zamanlar məktəblərdə müəllimlə valideynlər arasında baş verən anlaşılmazlıqlar, bəzən isə açıq mübahisələr təhsil ictimaiyyətini ciddi narahat edir. Cəmiyyət olaraq, məktəb-müəllim-valideyn münasibətlərindəki balansı qorumaq və tədris ocaqlarında sülh mühitini təmin etmək hər birimizin məsuliyyətidir.
Hesab edirəm ki, hər bir valideyn bilməlidir: “Əgər o, evdə övladını tərbiyə edə bilmirsə, məktəbdə müəllimdən tələb etməyə mənəvi haqqı yoxdur.” Müəllimlər təhsil verən, dəyərləri aşılayan, övladlarımızı həyata hazırlayan fədakar insanlardır. Onlara qarşı hörmət və dəstək göstərmək hər kəsin borcudur.
Müəllimlərin cəmiyyətdə nüfuzunun qorunması üçün konkret addımlar atılmalıdır. İlk növbədə, qanunvericilikdə müəllimlərin hüquqlarını daha güclü müdafiə edən müddəalar olmalıdır. Xüsusən də, müəllimlərə qarşı zorakılıq, təhqir və təzyiq hallarında hüquqi tədbirlər sürətlə həyata keçirilməlidir.
Bundan əlavə, məktəblərdə təhlükəsizlik tədbirləri gücləndirilməli, valideynlərin məktəb daxilində nəzarətsiz hərəkət etməsi məhdudlaşdırılmalıdır. Tədris prosesinə müdaxilə etmək və ya müəllimlə mübahisə etmək heç bir valideynin haqqı deyil.
Bir çox hallarda valideynlər övladlarının problemlərini həll etmək yerinə, onları müəllimlərə yönləndirir və nəticədə tədris mühiti pozulur. Bu kimi halların qarşısını almaq üçün valideynlər üçün mütəmadi maarifləndirici seminarlar və təlimlər təşkil olunmalıdır. Onlara həm övlad tərbiyəsi, həm də müəllimlə düzgün əməkdaşlıq etmə yolları öyrədilməlidir.
Valideynlər anlamalıdırlar ki, məktəb təhsil verən yerdir, tərbiyə isə evdə başlayır. Övladlarının davranışında problemlər varsa, bunu ilk növbədə öz ailə mühitlərində həll etməyə çalışmalıdırlar. Müəllimlər isə bu prosesdə dəstəkçi rolunda çıxış edir, lakin əsas məsuliyyət valideynlərin üzərinə düşür.
Təhsil müəssisələrində müəllimlərə qarşı hər hansı bir fiziki və ya mənəvi təzyiq hallarında cəzasızlıq mühiti aradan qaldırılmalıdır. Müəllimə hörmətsizlik edən və ya ona qarşı zor tətbiq edən şəxslər qanun qarşısında cavab verməlidir.
Bu yanaşma həm də gələcəkdə oxşar halların qarşısını almağa kömək edəcək. Müəllimlərin təhlükəsiz və rahat şəraitdə dərs keçməsi təmin olunmalıdır ki, onlar bütün diqqətlərini tədris prosesinə yönəldə bilsinlər.
Cəmiyyətin gələcəyi təhsildən asılıdır və təhsil isə müəllimlərin əllərində formalaşır. Müəllimlərin nüfuzunu qorumaq, onlara dəstək olmaq və məktəblərdə sağlam tədris mühiti yaratmaq hər bir vətəndaşın borcudur.
Məktəblərdə tərbiyə deyil, təhsil verilir. Tərbiyə isə ailədə başlayır. Əgər valideynlər övladlarına düzgün tərbiyə verməyi bacarmırsa, məktəbdə müəllimlərdən tələb etmək əvəzinə, əvvəlcə öz üzərlərində işləməlidirlər. Unutmayaq ki, müəllimə qarşı göstərilən hər bir hörmətsizlik, əslində, cəmiyyətimizin gələcəyinə vurulan zərbədir.