AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan incəsənətində konstitusiya və suverenlik mövzusu” adlı respublika elmi konfransı keçirilib.
Bu barədə TƏHSİL.BİZ -ə institutdan məlumat verilib.
Tədbiri açan institutun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə qeyd edib ki, suverenlik və dövlətçilik başlıca prinsip kimi həm müstəqil dövlətlərin mövcudluğunu və tərəqqisini təmin edir, həm də dövlətin milli kimliyini ifadə edir. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən bu il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu Sərəncamdan irəli gələrək AMEA-nın bütün elmi müəssisələrində konfranslar keçirilir.
Konfransda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsini təmsil edən Nigar Dünyamalıyeva “Konstitusiya və Suverenlik İli”nin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Qeyd edib ki, bu il ölkəmiz üçün müstəsna əhəmiyyətə malik olan iki mühüm hadisənin - Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasının 30 illiyi və Vətən müharibəsində Zəfərimizin 5-ci ildönümü qeyd edilir. “Konstitusiya və Suverenlik İli” dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsi, dövlət suverenliyinin daha da gücləndirilməsi məqsədi daşıyır. İstənilən dövlətin mövcudluğu və inkişafı dövlət hakimiyyətinin təşkilinə dair əsas konstitusiya prinsiplərinin mövcudluğu ilə şərtlənir. İstənilən xalq üçün müstəqil, suveren dövlət yaratmaq və onu inkişaf etdirmək ən böyük nailiyyətdir.
Sonra AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə “Konstitusiya atributları şəbəkə sənətində” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, Azərbaycanın Dövlət Gerbi və Dövlət Bayrağı şəbəkə sənətində öz bədii əksini dolğun şəkildə tapıb. Alim bu rəmzlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, şəbəkə ustası Tofiq Rəsulovun şəbəkə texnikasında yaratdığı yeni formalardan, şəbəkə kompozisiyalarından bəhs edib.
Konfransda, həmçinin “Azərbaycan Respublikasının Dövlət Himni - tarixi varislik”, “Suveren Azərbaycanın muğam sənəti”, “Müstəqillik dövrü Azərbaycan qrafikasında dövlət rəmzlərinin təcəssümü”, “Azərbaycan rəngkarlığında dövlət rəmzlərinin bədii həlli”, “Azərbaycanın tarixi bayraqlarında şir simvolizmi”, “Suveren Azərbaycanın xalça sənəti”, “Azərbaycan Xalq rəssamı Oqtay Sadıqzadə yaradıcılığında suverenlik uğrunda mübarizə aparan şəxslərin portretləri”, “Azərbaycan Xalq Cümhuriyyəti dövrü iki muzeyin kolleksiyasında” mövzularında məruzələr dinlənilib.