Logo

BDU ilə “Huawei” şirkəti arasında İKT bacarıqlarının inkişaf etdirilməsi məsələsi müzakirə olunub

03.03.2025 12:47 82 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev “Huawei” şirkətinin nümayəndələri ilə görüşüb.

BDU-dan TƏHSİL.BİZ -ə verilən məlumata görə, görüşdə tərəflər arasında informasiya texnologiyaları və rəqəmsallaşma sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və sözügedən sahədə tədrisin və infrastrukturun inkişafı üçün birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib.

Rektor Elçin Babayev qonaqlara universitetin tarixi, fəaliyyəti, strukturu, tədris və elmi fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, BDU Çinin nüfuzlu universitetləri və tədqiqat institutları ilə sıx əməkdaşlıq edir. Universitetin 12 beynəlxalq ikili diplom proqramından biri Çinin Anhui Universiteti ilə həyata keçirilir. Dövlət-universitet-sənaye konsepsiyasını uğurla həyata keçirən BDU beynəlxalq şirkətlərlə də əməkdaşlıqda maraqlıdır.

“Huawei” şirkətinin vitse-prezidenti Angela Lin şirkətin təhsil sahəsindəki təcrübəsini və resurslarını BDU ilə paylaşmağa hazır olduqlarını bildirib.

Görüşün sonunda tərəflər gələcək əməkdaşlıq istiqamətləri üzrə konkret addımlar atmaq qərarına gəliblər. Belə ki, yaxın zamanda BDU-da İKT sahəsi üzrə bir qrup müəllim və tələbə süni intellekt, 5G sahələri üzrə təlimlərə cəlb ediləcək. BDU-da “İKT istedadları” adlı proqram fəaliyyətə başlayacaq.

Universitetlə “Huawei” şirkəti arasında İKT bacarıqlarının inkişaf etdirilməsi, tədqiqat, tədris, bilik və təcrübə mübadiləsi sahələrində konkret addımları əks etdirən fəaliyyət planı təsdiqlənəcək.

Xəbər lenti