Logo

“Azərbaycan-Macarıstan ədəbi əlaqələri Rasim Müzəffərlinin yaradıcılığında” kitabının təqdimatı olub

03.03.2025 08:32 48 baxış
IMG

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində filosof, bəstəkar, şair və naşir Rasim Müzəffərlinin (Rasim İmanov) “Azərbaycan-Macarıstan ədəbi əlaqələri Rasim Müzəffərlinin yaradıcılığında” kitabının təqdimatı olub.

TƏHSİL.BİZ  xəbər verir ki, muzeyin direktoru akademik Rafael Hüseynov Rasim Müzəffərlinin çoxşaxəli yaradıcılıq yolundan, əsərlərinin əhəmiyyətindən danışıb, macar ədəbiyyatının təbliğinin onun fəaliyyətinin əsas tədqiqat obyekti olduğunu bildirib. O, sadə və cəlbedici üslubda hazırlanan, böyük əməklə yazılan, tarixi əhəmiyyətə malik kitabı qiymətli mənbə kimi dəyərləndirib, nəşrin Azərbaycan-Macarıstan elmi-ədəbi və mədəni əlaqələrinin yüksək səviyyəsinin göstəricisi olduğunu deyib.

Direktor Azərbaycanın dünya ölkələri içərisində ən yaxın tərəfdaşlarından olan Macarıstanla bağlı tədbirin Ədəbiyyat Muzeyində keçirilməsinin önəmini qeyd edib. O, Azərbaycan-Macarıstan ictimai, siyasi, ədəbi və mədəni əlaqələrinin tarixindən danışaraq, ölkələrimiz arasındakı qarşılıqlı dostluq münasibətlərinin yüksələn xətlə davam etdiyini vurğulayıb.

Azərbaycan-Macarıstan əlaqələrinin tarixinin çox qədim olduğunu söyləyən akademik ədəbiyyat və mədəniyyətin xalqları və ölkələri bir-birinə yaxınlaşdıran ən güclü vasitə olduğunu bildirib. O, təqdimatı keçirilən kitabın Azərbaycan-Macarıstan birliyinin, həmrəyliyinin möhkəmlənməsinə, bu gözəl ənənələrin davam etməsinə sanballı töhfə olduğunu deyib.

R.Hüseynov Azərbaycanın tanınmış ziyalısı Rasim Müzəffərlinin uzun illərdir macar ədəbiyyatının Azərbaycanda təbliği istiqamətində fəaliyyət göstərdiyini, onun macar ədəbiyyatından İmrə Madaçın “İnsanın faciəsi”, Mikloş Radnotinin “Bir dəli yağış” və Şandor Petöfinin “Azadlıq və sevgi” əsərlərini doğma dilimizə tərcümə etdiyini bildirib: “Rasim Müzəffərli, həmçinin macar şairlərinin Azərbaycan dilinə tərcümə etdiyi şeirlərinə musiqilər bəstələyir. Bu isə iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və yeni körpülərin qurulmasında mühüm rol oynayır”.

O, Rasim Müzəffərlinin bir sıra silsilə şeirlərinin macar dilinə tərcümə edildiyini söyləyib, ədibin yaradıcılığına və şəxsiyyətinə Macarıstanda böyük məhəbbət və ehtiramın olduğunu vurğulayıb. Akademik Rafael Hüseynov Rasim Müzəffərlinin yüksək intellektə, zəngin mənəviyyata malik müdrik ziyalı olduğunu bildirib, onun daim axtarışlarla dolu geniş yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyətində də əvəzsiz xidmətlər göstərdiyini deyib.

Sonra Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Torma çıxış edərək ölkələrimiz və xalqlarımız arasında əlaqələrin surətlə inkişaf etdiyini bildirib. O, Azərbaycan-Macarıstan mədəni əlaqələrinin geniş perspektivə malik olduğunu söyləyərək, Rasim Müzəffərlinin macar şairlərinin əsərlərini tərcümə edərək kitab halında çap etdirməsini iki ölkə xalqlarının ortaq tarixi-mədəni irsinə töhfə kimi qiymətləndirib.

Səfir 2018-ci ildə Rasim Müzəffərlinin Macarıstan hökuməti tərəfindən macar mədəniyyətinin tanınmasındakı xidmətlərinə görə “Pro Cultura Hungarica” mükafatı ilə təltif olunduğunu xatırladıb. O, Rasim Müzəffərlinin bu yüksək mükafata layiq görülən ilk azərbaycanlı olduğunu diqqətə çatdırıb.

Macar ədəbiyyatının tanınmış nümayəndələrinin seçilmiş əsərlərinin Ədəbiyyat Muzeyində təqdimatının keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirən Tamaş Yojef Torma “Azərbaycan-Macarıstan ədəbi əlaqələri Rasim Müzəffərlinin yaradıcılığında” kitabının Macarıstan ədəbiyyatı və mədəniyyətinin təbliği baxımından önəmini qeyd edib, müəllifə yeni yaradıcılıq uğurları arzulayıb.

Daha sonra tanınmış türkoloq alim Mariya Keneşi tərəfindən Rasim Müzəffərlinin macar dilinə tərcümə olunmuş şeirləri və mahnı sözləri Azərbaycan Dillər Universitetinin macar dili üzrə məzunu Arzu Cəlilovanın ifasında səsləndirilib.

Sonda kitabın müəllifi Rasim Müzəffərli çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına, eləcə də kitabın işıq üzü görməsində əməyi olanlara minnətdarlığını bildirib, imzası ilə kitablarını oxuculara təqdim edib. O, həmçinin Macarıstanla bağlı şeirlərini, klassik macar poeziyasından tərcümələrini və mahnılarını səsləndirib.

Xəbər lenti