Logo

BDU-da Azərbaycanda arxiv fəaliyyətinin konstitusion-hüquqi əsasları araşdırılıb

03.03.2025 14:23 164 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində professor-müəllim heyətinin və muzey, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə Azərbaycanda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş elmi seminar keçirilib.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, elmi seminarda BDU-nun Sənəd menecmenti kafedrasının müəllimi tarix üzrə fəlsəfə doktoru İradə Bayramova “Azərbaycan Respublikasında arxiv fəaliyyətinin konstitusion-hüquqi əsasları” mövzusunda məruzə edib.

İradə Bayramova ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb. O, 44 günlük Vətən müharibəsi və birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində qazandığımız Zəfərdən bəhs edib. Ölkəmizin ərazi bütövlüyünün, suverenliyimizin bərpasının tarixi nailiyyət olduğunu diqqətə çatdırıb.

Məruzədə arxivçilik tarixinə nəzər salınıb, sahəyə dair əsas anlayışlar şərh olunub. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ölkəmizdə arxiv işinin formalaşmasındakı xidmətləri haqqında geniş məlumat verilib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra arxiv işinin xüsusilə inkişaf etdiyini vurğulayan məruzəçi bu sahəyə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin diqqət və qayğı göstərdiyini bildirib: “Ulu Öndər Heydər Əliyevin siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2020-ci il 12 fevral tarixli Sərəncamı sahənin inkişafına mühüm töhfədir”.

Tədqiqatda arxiv işinin qanunvericilik bazası geniş şərh olunub, sahəyə dair bir sıra hüquqi sənədlər izah edilib. Məruzədə, həmçinin Azərbaycan Respublikasının Dövlət Arxivinin strukturu öyrənilib, arxivin komplektləşdirmə mənbələri, sənədlərin saxlanma müddətləri kimi vacib istiqamətlər tədqiq olunub. Müasir arxivlərdə rəqəmsallaşdırma proseslərinin tendensiyası, elektron xidmətlərin əhəmiyyəti diqqətə çatdırılıb.

Məruzəçi artıq ikinci ildir ki, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsində muzey, arxiv işi və abidələrin qorunması ixtisasına tələbə qəbulunun həyata keçirilməsini və ardıcıl olaraq qəbul planının 100 faiz dolmasını xüsusi vurğulayıb: “Bu baxımdan hesab edirəm ki, fakültədə sahə ilə bağlı tədqiqatların aparılması prioritet istiqamətlərdən biri kimi diqqət mərkəzində saxlanılmalıdır”.

Elmi seminar müzakirələrlə davam edib.

 

Xəbər lenti