Bakı Dövlət Universitetində (BDU) Maliyyə Monitorinqi Xidməti cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə (ƏL/TMM) sahəsində ictimai maarifləndirməni gücləndirmək məqsədilə xüsusi sessiya təşkil edib.
BDU-dan TƏHSİL.BİZ-ə bildirilib ki, tədbirin əsas məqsədi ƏL/TMM sistemi üzrə beynəlxalq standartlar, milli qanunvericilik və Maliyyə Monitorinqi Xidmətinin fəaliyyəti barədə tələbələri məlumatlandırmaq olub.
Universitetin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin mütəxəssisi Fidan İsmayılova Maliyyə Monitorinqi Xidməti barədə tələbələrə məlumat verib, xüsusi sessiyanın tələbələr üçün əhəmiyyətindən danışıb. Daha sonra çıxış edən ƏL/TMM üzrə ekspert Fuad Əliyev Hüquq, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Tətbiqi riyaziyyat və kibernetika və Mexanika-riyaziyyat fakültələrinin tələbələrinə ƏL/TMM anlayışı, beynəlxalq standartlar və milli qanunvericilik, Maliyyə Monitorinqi Xidmətinin fəaliyyəti və beynəlxalq əməkdaşlığı barədə ətraflı məlumat verib. İştirakçıların mövzuya daha yaxından bələd olması üçün qlobal ƏL/TMM sistemi ilə bağlı xüsusi videoçarx nümayiş etdirilib, Xidmətin elektron tədris platforması təqdim olunub. Tələbələr platformanın modulları və təqdim olunan tədris resursları ilə tanış olublar.
Tədbirdə 200-dən çox tələbə iştirak edib.