Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində II Bakı İdman Festivalı keçirilib.
Bu barədə TƏHSİL.BİZ -ə BŞTİ-dən məlumat verilib.
Elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev idmanın inkişafı istiqamətində atılan addımlardan, ümumi təhsil müəssisələrində idman infrastrukturunun ilbəil yaxşılaşdırılmasından, təhsil müəssisələrində idman sahəsi üzrə uğur qazanan məktəblilərin sayının artmasından bəhs edib. 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən II Bakı İdman Festivalını yüksək qiymətləndirən nazir müşaviri Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan idman layihələrinə diqqət çəkib və bu kimi festivalların əhəmiyyətini vurğulayıb.
Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev ölkəmizdə idman siyasətinin təməlinin və inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Nazir müavini müxtəlif idman növləri üzrə keçirilən yerli və beynəlxalq yarışlarda yüksək nəticələr əldə edən, ölkəmizin idman şərəfini layiqincə qoruyan şagirdlərin sayının və idmanın kütləviliyinin daha da artacağına əminliyini ifadə edib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov ölkəmizin dünyanın güclü idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib. Prezident İlham Əliyevin idmana, idmançılara və bu sahədə çalışan mütəxəssislərə göstərdiyi böyük diqqət və qayğıdan danışan F.Mansurov idmana marağın gücləndirilməsi məqsədilə məktəblilər arasında təşkil olunan belə festivalların faydalı olduğunu bildirib.
Qonaqlar idmanın müxtəlif növlərinə aid guşələrlə tanış olub, məktəblilərin çıxışlarını izləyiblər. Festival bədii-musiqili proqramla davam edib.