BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayatın rəhbərlik etdiyi heyət Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.
TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, qonaqlarla görüşən universitetin rektoru Zəfər Qurbanov FAO-nun 80 illiyi münasibəti ilə onları təbrik edib və uzunmüddətli səmərəli əməkdaşlığın davamlı olmasını arzuladığını bildirib.
FAO-nun Azərbaycandakı nümayəndəsi Nasar Hayat təşkilatla ADAU arasında əməkdaşlığı ən yüksək səviyyəyə çatdırmağın strateji hədəfləri olduğunu deyib: “Dünyanın əksər ölkələrində gəncləri kənd təsərrüfatına cəlb etmək olduqca çətindir. Ancaq sevindirici haldır ki, bu gün biz Azərbaycanda, o cümlədən Aqrar Universitetdə gənclərin kənd təsərrüfatı ixtisaslarına və bu sahəyə maraqlı olduqlarını görürük”.
Görüşdən sonra FAO-nun 80 illiyinə həsr olunmuş “Davamlı inkişaf üçün kənd təsərrüfati kooperativlərinin gücləndirilməsi” mövzusunda forum təşkil edilib.
Forumda çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov korporativlərin müasir iqtisadiyyatın əsas aparıcı qüvvələrindən biri olduğunu, eyni zamanda, ölkəmizdə son illərdə iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində korporativlərin qurulması və effektiv idarə olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Leyli Ağayevaya Azərbaycanda korporativlərin mövcud vəziyyəti, bu istiqamətdə görülən işlər və qarşılaşdıqları çətinliklər barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Nasar Hayat çıxışında FAO-nun dünyada və Azərbaycanda kənd təsərrüfatı istiqamətində gördüyü işlər barədə danışıb, eləcə də korporativlərin kənd təsərrüfatının və regionların inkişafında çox önəmli rol oynadığını diqqətə çatdırıb.
Forum iki panel üzrə davam edib. Panellərdə Türkiyənin kənd təsərrüfatı kooperativlərinin uğur hekayələri və qazandıqları təcrübələrdən danışılıb, Azərbaycanın uğurlu kooperativlərinin nümayəndələri öz təcrübələrini bölüşüb, qarşıdakı perspektivlərdən bəhs ediblər.