Azərbaycan Elm Fondu təbiət, texniki, humanitar və ictimai sahələr üzrə fundamental, tətbiqi və eksperimental tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübə keçilməsində iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədilə 14-cü “Mobillik qrantı” müsabiqəsini elan edir.
Fonddan TƏHSİL.BİZ -ə bildirilib ki, perspektivli gənc alimlər, eləcə də öz elmi sahəsində lider olan tədqiqatçılar bu qrant üçün müraciət edə bilərlər. Müraciət edənlərin yaşı, eləcə də tədqiqatın tematik sahələri ilə bağlı heç bir məhdudiyyət yoxdur.
Müsabiqədə iştirak etmək üçün layihələr aprelin 4-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2025-ci ilin aprel-may aylarında açıqlanması planlaşdırılır.
Layihələrin növləri:
- QMTK - Azərbaycandan olan alim və mütəxəssislərin xaricdə qısamüddətli təcrübə proqramlarında iştirakının qismən və ya tam şəkildə maliyyələşdirilməklə təmin edilməsi;
Azərbaycan Elm Fondu bir ayadək olan təcrübə proqramlarını dəstəkləyir və təcrübə keçilməsi ilə bağlı şərtlərdən asılı olaraq (təcrübənin baş tutacağı təşkilatla bağlı xərclər Fond tərəfindən ödənilmir) qismən maliyyələşdirilmə də baş tuta bilər.
- XETİ - Azərbaycandan olan alim və mütəxəssislərin xaricdə keçirilən nüfuzlu regional və beynəlxalq elmi tədbirlərdə şifahi elmi məruzələrlə iştirakının qismən və ya tam şəkildə maliyyələşdirilməklə təmin edilməsi.
Ətraflı məlumat fondun saytında yerləşdirilib.