AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri – mədəniyyət attaşesi professor Tarek Məhəmmədlə görüşüb.
Bu barədə TƏHSİL.BİZ -ə AMEA-dan məlumat verilib.
Görüşdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan-Misir əlaqələrinin əhəmiyyətini qeyd edərək, mövcud tarixi və mədəni bağların dərinliyini, həmçinin müasir dövrdə siyasi, iqtisadi və elmi-mədəni sahələrdə bu əlaqələrin inkişafı istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu vurğulayıb. AMEA rəhbəri bu əlaqələrin hər iki ölkənin milli maraqlarına xidmət etdiyini, regionda sülh və sabitliyin təmin olunmasında mühüm rol oynadığını, eyni zamanda, Şərq və Qərb arasında körpü rolunu oynamaq baxımından strateji əhəmiyyət kəsb etdiyini deyib.
Akademik İsa Həbibbəyli qonağa AMEA-nın tarixi və fəaliyyət istiqamətləri, həmçinin elmi qurumun əldə etdiyi nailiyyətlər barədə məlumat verib. O, Misirə bir neçə dəfə səfər etdiyini qeyd edərək, uzun illər Qahirə Universiteti və digər elmi mərkəzlərlə əməkdaşlıq əlaqələrinin qurulmasında iştirak etdiyini bildirib. Akademik özünün ideya müəllifliyi və “Ön söz”ü ilə böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin əsərlərinin Misirdə ərəb dilində çap edildiyini diqqətə çatdırıb.
Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri – mədəniyyət attaşesi professor Tarek Məhəmməd iki ölkə arasında dostluq münasibətlərinin yüksələn xətt üzrə davam etdiyini vurğulayaraq, rəhbərlik etdiyi mərkəzin elmi-ədəbi və mədəni əlaqələrin daha da genişlənməsində fəal rol oynadığını deyib. Həmçinin Misirin elmi qurumları ilə AMEA arasında elmi-ədəbi əlaqələrin inkişaf etdirilməsi naminə fəal əməkdaşlıq münasibətlərinin yaradılmasında maraqlı olduqlarını diqqətə çatdırıb.
Görüşdə AMEA ilə Misirin elmi qurumları, eləcə də Elmlər Akademiyası arasında elmi mübadilənin, birgə layihələrin və tədqiqatların həyata keçirilməsinin əhəmiyyətinə diqqət çəkilib. Bu məqsədlə əməkdaşlıq müqaviləsinin hazırlanması və digər məsələlər müzakirə olunaraq müvafiq razılaşma əldə edilib.