Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Tələbə Plus” kartı ilə bağlı infosessiya keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev “Tələbə Plus” layihəsinin tələbələr üçün yaratdığı imkanların əhəmiyyətini vurğulayıb. O, bildirib ki, bu kart tələbələrə müxtəlif güzəştlər və üstünlüklər təqdim etməklə yanaşı, onların akademik və sosial həyatını daha da asanlaşdırmağa xidmət edir. Prorektor universitet olaraq bu təşəbbüsü yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb, Təhsilin İnkişafı Fondu və tərəfdaşlarına təşəkkürünü bildirib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədrinin müavini Xanım Daşdəmirova “Tələbə Plus” layihəsinin yaranma ideyasını və məqsədini təqdim edərək, layihənin tələbələrə eyni güzəşt və endirimlər təqdim etməklə yanaşı, onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıdığını bildirib. X.Daşdəmirova əməkdaşlıq müqaviləsi imzalanmış 23 universitet üzrə bakalavriat, magistratura və doktorantura pillələrində təhsil alan 190 min tələbənin “Tələbə Plus” kartı ilə təmin edilməkdə olduğunu diqqətə çatdıraraq, bu siyahıya Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda yerləşən ali təhsil müəssisələrin də daxil olduğunu bildirib.
Daha sonra, “Code Academy”nin Qəbul və tələbə işləri departamentinin rəhbəri Xatirə Cəfərova çıxış edərək, akademiyanın fəaliyyətindən bəhs edib. O, akademiyanın tələbələrə proqramlaşdırma, dizayn, rəqəmsal marketinq, kibertəhlükəsizlik, data analitika və digər texnoloji sahələrdə geniş çeşidli kurslar və proqramlar təqdim etdiyini vurğulayıb. Xatirə Cəfərova, “Code Academy”nin “TələbəPlus” layihəsinin tərəfdaşı olaraq, tələbələrə sadalanan kurslardan daha əlverişli şərtlərlə yararlanma imkanı yaratdıqlarını qeyd edib. O, bu əməkdaşlığın tələbələrin təhsil həyatını daha əlçatan və səmərəli etməyə xidmət etdiyini bildirib.
Qeyd edək ki, “Tələbə Plus” layihəsi Təhsilin İnkişafı Fondu, “Kapital Bank” və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir. Layihənin məqsədi tələbələrə eyni güzəşt və endirimlər təqdim etməklə yanaşı, onların tələbəlik dövründən maliyyə əlçatanlığını təmin etmək, gündəlik xərclərini daha səmərəli şəkildə izləmək fürsəti, həmçinin onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır.