Logo

BDU-da sənəd menecmenti üzrə tədqiqatlar elmmetrik təhlil olunub

06.03.2025 17:41 46 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində 27 Mart – Azərbaycanda Elm Günü ilə bağlı silsilə tədbirlər çərçivəsində elmi seminar keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, seminarda BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru professor Mais Süleymanov çıxış edərək ölkəmizdə elmin inkişafına dövlət tərəfindən ən yüksək səviyyədə diqqət və qayğı göstərildiyini vurğulayıb. O, BDU-nun bu proseslərdə aktiv fəaliyyətindən bəhs edib. Bildirib ki, hazırda elmmetriya, elmmetrik təhlil kimi istiqamətlər aktualdır, bu sahədə qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və tətbiqi zəruridir.

Sonra BDU-nun Sənəd menecmenti kafedrasının müdiri dosent Nadir İsmayılov “Sənəd menecmenti üzrə tədqiqatların elmmetrik təhlili” mövzusunda məruzə edib. Qeyd olunub ki, sənəd menecmenti müasir informasiya idarəetməsinin mühüm komponentlərindən biridir.

Məruzədə sənəd menecmenti sahəsində nəşr olunmuş elmi məqalələr, onların beynəlxalq elmi bazalarda (“Scopus”, “Web of Science”, “Google Scholar” və s.) indeksləşdirilmə dinamikası, əsas tədqiqat istiqamətləri, istinad göstəriciləri və elmi əməkdaşlıq şəbəkələri araşdırılıb. Elmmetrik göstəricilər əsasında bu sahədə ən çox sitat gətirilən məqalələr, aparıcı müəlliflər, nüfuzlu elmi jurnallar və aktual tədqiqat trendləri müəyyən edilib. Araşdırmada, həmçinin sənəd menecmenti üzrə elmi tədqiqatların beynəlxalq səviyyədə inkişaf tendensiyası, bu sahədə elmi əməkdaşlıq şəbəkələrinin və akademik təsirin təhlili, rəqəmsal sənəd idarəetmə sistemlərinin rolu və perspektivləri kimi vacib istiqamətlər öyrənilib.

Elmi seminar müzakirələrlə davam edib.

Xəbər lenti