Logo

Sanki, müəllimdən başqa digər peşə sahiblərinə hədiyyə verilmir…

06.03.2025 15:22 141 baxış
IMG

 

 

Sanki, müəllimdən başqa digər peşə sahiblərinə hədiyyə verilmir…

Hərdən öz-özümə fikirləşirəm ki, əgər, Roza Lüksemburq və Klara Setkin bilsəydilər “8 Mart Beynəlxalq Qadınlar Günü” Azərbaycanda müəllimlərə hədiyyə alınması və bu məqsədlə pul yığılması ilə bağlı bu qədər qalmaqal yaradacaq, heç  vaxt qadın hüquqları və azadlığı uğrunda mübarizənin önündə durub, bu günün təsis edilməsi üçün canlarını fəda etməzdilər... Özü də nə qonşu Türkiyədə, nə Rusiyada nə də digər ölkələrdə yox, ildə cəmi bir dəfə qadın əsl ana, baçı, qız, gəlin, övladlarımızın təlim-tərbiyəçisi  simasında yada düşsün və ətrafında bu qədər olmazın söhbətlər yayılsın – bu yalnız bizdədir, dözümlülükdən, gender bərabərliyindən ən çox danışdığımız ölkədə… Nə isə…

 

Artıq heç kəsə sirr deyil ki, hər bir dövlətdə vətəndaş cəmiyyətinin demokratik inkişaf yoluna qədəm qoymasında təhsil əhəmiyyətlı rol oynamaqla yanaşı, həm də dövlətin təməl daşı və millətin gələcəyi kimi də xarakterizə edilir, cəmiyyətin keçəcəyi inkişaf yolu əsasən bu sahəyə münasibətin səvıyyəsindən asılı olur. Kimin hansı münasibət bəsləməsindən asılı olmayaraq, bir təkzibolunmaz fikirlə razılaşmalıyıq ki, cəmiyyətdə mövcud olan problemlərin əksəriyyətinin kökü məhz təhsildən qaynaqlanır. Məktəbin və cəmiyyətin vəziyyəti arasında həmişə bir eyniyyətin olması fikri ölməz Hüseyn Cavidin hələ “Həsb-hal” məqaləsində dahiyanə şəkildə vurğulanmışdı: “Bir millətin hər halını tədqiq etmək üçün ən doğru meyar, ən kəsdirmə yol o millətin məktəbləridir”.

Bu mənada hər dövrün öz ənənəsi, öz xatirəsi, yaddaşı var. Heç də əbəs yerə deyil ki, müstəqilliyimizin ilk illərində qəbul edilən Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramında təhsil sahəsində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək vəzifəsi əsas məqsədlərdən biri hesab edilmiş, və o da xüsusi olaraq vurğulanmışdı ki, “xalqımız Sovet təhsil sistemi vasitəsilə dünya mədəniyyətinə qovuşmaq, elmin qabaqcıl nailiyyətlərini mənimsəyərək gənc nəslə ötürmək, müxtəlif sahələrdə qabaqcıl elmi ideyalarla silahlanmış yüksək ixtisaslı milli kadrlar hazırlamaq imkanını əldə etmişdir”.

Danılmaz faktdır ki, məktəb illərimizin, təhsillə bağlı fəaliyyətimizin səmimi, qayğısız, problemsiz keçid illərini yaşamışıq. Nə yazıq ki, bir müddət kəsiyində bu illərdən bəri oturuşmuş sistemin ən yaxşı ənənələrini unutduq, yenilik həvəsilə keçmişimizə biganəlik göstərdik. Nəzərə almadıq ki, zamanı qabaqlamaq mümkün olan şey deyil, çünki zaman bizdən sürətlidir.Bir də ki, bəzən nədənsə hər şeyin tez olmasını istəyirik, özümüzü də yoruruq, ətrafımızdakıları da. Beləliklə bütün həyatımız yorğunluqla, əlavə problemlərlə üzləşməklə keçir. 

Uzun illər keçməsinə baxmayaraq bugünki kimi yadımdadır, məktəbə yeddi yaşından gedərdik. Bu yaşa qədər isə şən və qayğısız uşaqlıq həyatını yaşayardıq. Sanki, dövlət də, elə cəmiyyətin hər bir üzvü də “xəstə tələsər, armud vaxtında yetişər” el məsəlini bilirmiş kimi bu prinsipə ciddi yanaşardılar. Məktəb seçmək, övladını yaxşı müəllimin sinfinə qoymaq valideynlərimizin ağlına belə gəlməzdi. Çünkı bütün məktəblər eyni səviyyədə, bütün müəllimlər eyni hazırlıqda idilər.Vahid məktəbli formsının olmasına baxmayaraq buna məcburiyyət yox idi. Lakin hər kəsdən məktəbə “üst ağ, alt qara” geyim dəstində gəlmələri tələb olunurdu. Bütün yazı işləri mil-mil və damalı deyilən iki qəpiklik dəftərlərdə aparılardı. Dərslik komplektindən savayı yeganə əlavə tədris vəsaiti “hüsnxətt” dəftəri idi ki, bu da hərflərin yazılış qaydalarına ciddi riayət olunmasına xidmət edərdi.

Keçək ərəfəsində olduğumuz martın 8-nə. “8 mart Beynəlxalq qadınlar bayramı” ərəfələrində kitab mağazalarına, qəzet köşklərinə üz tutub müəllimləri təbrik etmək üçün daha münasib və nəfis “otkrıtka” seçiminə çıxardıq. Xətti pis olanlar öz ürək sözlərini böyük qardaş və bacılarına yazdırardı. İmkan olan yerdə isə xüsusi kiçik emalatxana rolunu oynayan köşklərdə xəttatlara müraciət edilərdi. Sonralar öyrəndik ki, bu “otkrıtka” adlandırdığımız üç qəpiklık əlvan karton parçasına dilimizdə “açıqça” deyilirmış. İmkan daxilində müəllimə ən böyük hədiyyəmiz o zamanlar dəbdə olan və ucuz qiymətə satılan ətirlərolardı. Bu ik-üç manata olan ətir məmulatını müəllimin qəbul edib etməyəcəyini düşünməkdən səhərəcən yata bilməzdik. Müəllim sözün bütün mənalarında bizim üçün böyük nüfuz simvolu, şəxsiyyət etalonu idi. Müəllimin kiçik hədiyyəmizi qəbul edərkən başımıza sığal çəkməsi kövrək ürəyimizin ən sevincli anlarından birinə çevrilərdi.


Qəpikdən çox danışdıq. Bəlkə də mənim heç də tam olmayan, sadəcə olaraq bir anlığa yadıma düşən bir neçə xatirəmin heç üç qəpiklik dəyəri olmamasını düşünənlər də olsun. Çünki, artıq dəyərlər dəyişib, meyyarlar özgələşib. Bircə onu deyə bilərəm ki, dəyərləri dəyişən də, ona qiymət verən də elə özümüzük. Son onilliklərdə təhsil sahəsində nə qazandığımızı zaman göstərəcək. Amma, bütövlükdə qazandıqlarımızı itirsək, xatirələrdə qalmış bir həzin melodiyada səsləndiyi kimi... “bax bu böyük dərd olar”. Unutmayaq kı, keçmiş ənənələrimizə dair xatirələr gələcəyimizi qurmaqda ən təsirli stimul və etibarlı örnəkdir, çünki bu ənənələr zamanın sınaqlarından çıxaraq insan psixologiyasinda silinməz iz buraxıb. Görünür, daim fikirlərində ziddiyət axtarmağa çalışdığımız Dostoevski “istər şirin, istərsə acı olsun, xatirə insana əzab verir” qənaətinə gəlməsində haqlı imiş. Həqiqətən də xatirə insana böyük təəssüf hissi yaşadan təsirli emosiyadir.

Bəs bu gün nə baş verir, dəyərlər dəyişib, yoxsa biz dəyişmişik...? Bu, nə səmiyyətdir, bu, nə mədəniyyətdir? Məktəbin, müəllimin müdafiəsinə qalxanı məsxərəyə qoyuruq!?  Nə oldu ki, birdən-birə məktəb “məbədgah”lığını, müəllim “müqəddəs”liyini itirdi?  Bəs, "savadsız müəııimlər”, "saxta müəllimlər”, "filan qədər müəllim imtahandan kəsildi”, "filan direktor işdən qovuldu” və s. bu kimi fikirlər səsləndirəndə, "pul yığan müəllimlərə ciddi xəbərdarlıq” kimi rəsmi bəyanatlar verəndə bunu düşünmürdük? Yəni, dünyanın hansı sivil ölkəsində belə xəbərdarlıqlar edilir? "Müəllim günü"nə bir həftə qalmış, başlayırıq ki, ay aman qoymayın...

Bir də ki, “pul yığan” elə sanki təkcə müəllimlər imiş. Sonra da ağız dolusu müəllim nüfuzunun qaldırılmasından danışırıq. Əgər hansısa bir məktəbdə, hansısa valideyn komitəsi və ya icması tərəfindən "Müəllim günü” münasibətilə hansısa müəllimə hörmət və ehtiramlarını bildirmək üçün hansısa bir hədiyyə ilə müəllimi təbrik etmək istəyirlərsə, bunu qabardaraq ictimailəşdirmək, rüşvət və korrupsiya səviyyəsinə qaldırıb cəmiyyətə təqdim etmək təkcə müəllim adına deyil, bütövlükdə cəmiyyətə baş ucalığı gətirən hal deyil. Hansısa bir və ya bir neçə kollektivdə baş vermiş və ya baş verə biləcək bu kimi halların bütövlükdə müəllim şəxsiyyəti fonunda ümumiləşdirilməsi yol verilməzdir. 

Müəllimi tənbeh etmək də olar, cəzalandırmaq da, onun barəsində inzibatı və ya hüquqi müstəvidə cinayət işi də qaldırmaq olar, lakin onunla bağlı hər hansı bir təzahür və faktların ictimailəşdirilməsində ifrata yol vermək olmaz. Gəlin, bir çox milli və bəşəri dəyər və ənənələrimizə diqqət və sayğı göstərdiyimiz kimi, ciddi səylər və böyük zəhmət hesabına əldə etdiyimiz təhsil dəyərlərimizi və ənənələrimizi də qoruyub saxlayaq, bu şərəfli və məsuliyyətli missiyada əlimizdən gələni əsirgəməyək. Bir həqiqəti də unutmayaq ki, məktəb cəmiyyətin bir parçasıdır. Cəmiyyətdə gedən proseslər məktəbə də, müəllimə də təsirsiz ötüşməyə bilməz. Məktəbi, müəllimi “Günah keçisi”  qismində önə çəkmək nəinki, təhsilimizə, cəmiyyətimizə hec mənliyimizə də baş ucalığı gətirmir. Zəmanə dəyişsə də, zəmanəni biz idarə etməliyik, əks halda zəmanə bizi idarə edəcəkZamanı qabaqlamaq isə mümkün olan şey deyil, çünki, zaman bizdən sürətlidir…

Xəbər lenti