Logo

NDU ilə BSU arasında əməkdaşlıq müqaviləsi imzalanıb

06.03.2025 08:39 70 baxış
IMG

Naxçıvan Dövlət Universitetinin Magistratura və doktorantura mərkəzində Bakı Slavyan Universiteti (BSU) ilə Naxçıvan Dövlət Universiteti (NDU) arasında əməkdaşlıq müqaviləsinin imzalanması ilə əlaqədar tədbir keçirilib. 

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə NDU-nun rektoru Elbrus İsayev, BSU-nun rektoru Anar Nağıyev, Milli Məclisin deputatı, BSU-nun Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə, tərəfdaş universitetlərin nümayəndələri, müəllim və tələbələr iştirak ediblər.   

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev çıxış edərək, Naxçıvan Dövlət Universitetinin Azərbaycan ali təhsil müəsssisələri sırasında öz vizyonu, strategiyası və təşkilati tədbirləri ilə seçildiyini, müasir təhsil sistemi çağırışlarına cavab verən təhsil mühiti formalaşdırdığını qeyd edib. “İnklüziv təhsil: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda I Respublika Elmi konfransına həmsədrlik etmək və əməkdaşlığa dəvətə görə rektor Elbrus İsayevə təşəkkürünü  bildirib. Eyni zamanda tədbirin təşkilini yüksək qiymətləndirərək  NDU-nun tələbə kontingentində 20% əcnəbi tələbə olması, ölkə unversitetləri arasında ən çox əcnəbi tələbənin məhz burada təhsil almasına diqqət çəkib və inklüzivlik ilə bağlı tədbirə ev sahibliyi etməsini  də yerində fəaliyyət olduğunu vurğulayıb. 

Rektor Anar Nağıyev NDU-nun İnklüziv Təhsil Mərkəzinin açılışının irəlidə daha uğurlu layihələrə yol açacağını əlavə edib. Həmçinin NDU-nun  Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çərçivəsində silsilə tədbirlər keçirməsini dövlət siyasətinə  uyğun kontekstdə mili-mənəvi dəyərlərin yaşadılması fonunda ölkədə böyük diqqət çəkdiyini qeyd edib. Rektor ümumilikdə NDU-da peşəkar və cəlbedici mühitin olduğunu vurğulayıb.

Tədbirdə Milli Məclisin deputatı, BSU-nun Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə birgə əməkdaşlığın hər iki universitetin həyatında əlamətdar olacağını bildirib. BSU və NDU arasında əlaqələrin elmin, təhsilin və ictimai fəallığın inkişafında yeni fikir və idealar qazandıracağını söyləyib. Millət vəkili fikirlərinə NDU-nun ali təhsil ocağı kimi özünəməxsus, yaddaqalan uğurlara imza atdığını və bundan sonra da ölkə təhsilində öncül rolunu davam etdirəcəyinə inandığını əlavə edib. 

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev NDU-da çoxşaxəli kadr hazırlığından bəhs edib və bu prosesdə inklüzivlik ilə bağlı ümumi təhsilin qarşısında duran müasir çağırışları nəzərə çatdırıb. Rektor bildirib ki  “İnklüziv təhsil: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda I Respublika Elmi konfransı bir daha aşıladı ki, inklüzivlik anlayışına yanaşmada  cəmiyyətdə bərabərlik və ədalət prinsiplərinin qorunması önəmlidir. Bu aspektdə xüsusilə ölkəmizdəki universitetlər arasında əməkdaşlıq mühitinin qurulmasının əhəmiyyətini qeyd edən Elbrus İsayev ortaq tədbirlərin təşkilində NDU-nun hər zaman əməkdaşlığa maraqlı olmasını diqqətə çatdırıb. Rektor əlavə edib ki, BSU-nun inklüzivlik mövzusunda üç dəfə beynəlxalq konfrans keçirmək təcrübəsi var və bu təcrübə bizim üçün önəmlidir. Həmçinin BSU və NDU arasında rəsmiləşəcək əməkdaşlığın əhəmiyyətinə toxunan rektor Elbrus İsayev birliyin gələcəkdə daha sıx faəliyyətə təkan verəcəyini qeyd edib.     

Sonra Naxçıvan Dövlət Universiteti ilə Bakı Slavyan Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Rektor Elbrus İsayev birgə əməkdaşlıq münasibəti ilə Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyevə tədbirdən xatirə olaraq Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin tələbələrinin əl işi olan rəsm əsəri hədiyyə edib.Sonda NDU-nun və tərəfdaş universitetlərin  “İnklüziv təhsil: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda I Respublika Elmi konfransında iştirak edən əməkdaşlarına  sertifikatlar təqdim edilib.

 

 

 

 


 

Xəbər lenti