Martın 10-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Yaradıcı Azərbaycan” mövzusunda tədbir keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, nazirliyin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimovanın moderatorluğu ilə gerçəkləşən tədbirdə açılış nitqi ilə çıxış edən mədəniyyət naziri Adil Kərimli ölkəmizdə mədəni və yaradıcı sənayelər (MYS) sahəsinə dövlət tərəfindən göstərilən diqqətdən söz açıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar nəticəsində bu sahənin inkişafı Azərbaycan dövlətinin əsas prioritetləri sırasına daxil edilib. Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına uyğun olaraq, 2023–2024-cü illərdə strategiya çərçivəsində mühüm addımlar atılıb. Aidiyyəti qurumların iştirakı ilə mədəni və yaradıcı sənayelərin təsnifatlandırılması istiqamətində Azərbaycanda MYS sahələrinə aid edilən iqtisadi fəaliyyət növlərinin, peşələrin-vəzifələrin, ölkədə istehsal olunan, ixrac edilən MYS məhsul və xidmətlərinin siyahıları hazırlanaraq təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim edilib.
Nazirlik tərəfindən ilk dəfə olaraq MYS üzrə xüsusi təqaüd proqramı təsis olunub. Bundan əlavə, qrant müsabiqələri üzrə qeyri-hökumət təşkilatları tərəfindən MYS-lərin inkişafı ilə bağlı təqdim olunan 33 layihə qalib seçilib.
Adil Kərimli bu istiqamətdə işlərin sistemli şəkildə davam etdirildiyini diqqətə çatdırıb.
Sonra Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış ediblər.
Daha sonra Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanovun “Yaradıcılığı həyat tərzimizə çevirək!” adlı geniş məruzəsi dinlənilib. Mədəniyyət nazirinin müavini Səadət Yusifova isə “Yaradıcı Azərbaycan – 2025” mövzusunda təqdimatla çıxış edib.
Sonda “Yaradıcılığa yatırım et!” (İnvest2Create) mövzusunda təqdimatlar olub.