Logo

“Şərq ədəbi-filoloji fikir tarixində Məhəmməd Füzulinin yeri” adlı məqalələr toplusu çap olunub

10.03.2025 13:16 81 baxış
IMG

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Şərq ədəbi-filoloji fikir tarixində Məhəmməd Füzulinin yeri” adlı məqalələr toplusu işıq üzü görüb.

İnstitutdan TƏHSİL. BİZ -ə bildirilib ki, görkəmli Azərbaycan şairi Məhəmməd Füzulinin bədii yaradıcılığına həsr olunmuş məqalələr toplusu 4 bölmədə təqdim edilib. Məqalə müəllifləri sırasına Azərbaycanla yanaşı Türkiyə və Özbəkistandan olan alimlər də yer alırlar.

“Füzulinin söz sənəti” bölməsində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Məhəmməd Füzuli sənətinin mahiyyəti və əhəmiyyəti”, AMEA-nın vitse-prezidenti akademik Gövhər Baxşəliyevanın “Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin ecazkar sənətkarlıq nümunələri”, akademik Möhsün Nağısoylunun “Məhəmməd Füzuli nəsrinin poetikası haqqında”, Türkiyədən Muhəmməd Alparslan Kartalın “Məhəmməd Füzulinin Hədis-i ərbəin” adlı əsərinin dəyərləndirilməsi”, Özbəkistandan Qaytarbek Xolbotayev və Mohina Solijonovanın “Füzulinin Leyli və Məcnun” dastanının dil xüsusiyətləri” və s. məqalələr təqdim edilib.

“Füzulinin ədəbi mirası sələf və xələfləri kontekstində” bölməsində “Nəzirə ənənələri və Füzuli yaradıcılığı”, “Füzuli və onun müasirləri: Şahi”, “Füzuli yaradıcılığında Şah İsmayıl Xətainin tarixi portreti, alleqorik təcəssümü və şair şəxsiyyəti” və digər məqalələr yer alır.

Toplunun “Füzulinin fikir dünyası” bölməsində “Heydər Əliyev zəkası və Füzuli dühası”, “Məhəməd Füzuli yaradıcılığında təsəvvüf”, “Füzuli yaradıcılığının şah beytlərinin təhlili” və digər məqalələr verilib.

“Füzuli XX əsr araşdırmalarında” bölməsində “Füzuli Polşa türkologiyasında”, “Füzuli yaradıcılığı alman şərqşünaslığında”, “Məhəmməd Füzuli akademik M.İbrahimovun elmi-nəzəri görüşlərində” adlı məqalələr çap olunub.

Xəbər lenti