Logo

Bu il keçiriləcək Uşaq İncəsənət Festivalında iştirak etmək istəyənlərin nəzərinə!

06.03.2025 11:22 39 baxış
IMG

Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Uşaq İncəsənət Festivalı – 2025 keçirilir. 

TƏHSİL.BİZ  xəbər verir ki, festival yeni istedadların üzə çıxarılması, uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə maraq oyadılması, onların məktəbdənkənar vaxtlarının səmərəli keçirilməsi, bədii-estetik zövqünün tərbiyə edilməsi, regionlarda incəsənət sahəsində çalışan işçilərin fəallığının təmin edilməsi, xüsusi bacarığa malik olan uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə təşkil olunur.

Festivalda iştirak 2 formada həyata keçirilir: fərdi və kollektiv. 

19 fərdi, 5 kollektiv nominasiya olmaqla, üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş, 14-17 yaş) ümumilikdə 24 nominasiya üzrə keçirilən bu festivalda hər iştirak formasına uyğun aşağıda qeyd olunan nominasiyalar mövcuddur:

  • *Fərdi iştirak üçün nominasiyalar: Milli rəqs (solo), Müasir rəqs (solo), Klassik simli alətlər; Klassik nəfəs alətləri; Azərbaycan xalq çalğı simli alətləri; Azərbaycan xalq çalğı nəfəs alətləri; Azərbaycan xalq çalğı zərb alətləri; Piano ifaçılığı; Qarmon ifaçılığı; Akademik vokal; Caz ifaçılığı; Estrada oxuma; Xanəndəlik sənəti; Aşıq sənəti; Rəssamlıq; Heykəltaraşlıq; Dekorativ-tətbiqi sənət; Səhnə ifaçılığı; Rəqəmsal incəsənət (foto, video); 
    *Kollektiv iştirak üçün nominasiyalar: Milli rəqs (ansambl); Müasir rəqs (ansambl); Bal rəqs; Caz ifaçılığı; Xor.

Festivalda necə iştirak etmək olar?

Festivalda iştirak üçün qeydiyyat www.uif.az internet portalı vasitəsilə aparılır. Fərdi iştirakçılar üçün qeydiyyat iştirakçının valideyni və ya qanuni nümayəndəsi tərəfindən, kollektiv iştirakçılar üçün isə kollektivin 18 yaşa çatmış rəhbəri tərəfindən həyata keçirilir.

Festival üç mərhələdən ibarətdir: 

  • – Festivalın I mərhələsi 2025-ci ilin aprel-iyun ayında; 
    – Festivalın II mərhələsi 2025-ci ilin iyul-avqust ayında; 
    – Festivalın final mərhələsi isə Bakı şəhərində 2025-ci il sentyabr ayında keçiriləcək. 

Final mərhələsinin keçirilmə yeri, tarixi və vaxtı barədə məlumatlar festivalın rəsmi internet portalında, eləcə də kütləvi informasiya vasitələrində elan olunur.

Festivalda iştirak etmək istəyən xarici vətəndaşlar [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər. Müraciətin mövzu hissəsində "Xarici vətəndaş" sözü qeyd olunmalıdır.

Qeyd edək ki, festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi edəcək.

Əlavə məlumat üçün Mədəniyyət Nazirliyi (https://culture.gov.az), Elm və Təhsil Nazirliyinin (https://edu.gov.az) rəsmi internet səhifələrinə, 0502880147 mobil, 147 qısa nömrələrinə və ya sosial media hesablarına müraciət edə bilərsiniz.

 


 

Xəbər lenti