Logo

ADU-nun rektoruna Kişineu Pedaqoji Universitetinin ali mükafatı təqdim olunub

09.12.2025 15:27 56 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Moldova Respublikasının Kişineu Pedaqoji Universitetinin fəxri doktoru seçilib və ona universitetin ən yüksək mükafatı olan “İon Kryanqe” medalı təqdim olunub.

Bu barədə TƏHSİL.BİZ-ə ADU-dan bildirilib. Təqdimat mərasimində Kişineu Pedaqoji Universitetinin rəhbərliyi və nümayəndə heyəti iştirak ediblər.

Qeyd olunub ki, görkəmli elm xadimi, akademik, Xalq yazıçısı Kamal Abdulla beynəlxalq elmi əlaqələrin inkişafı və əməkdaşlığın qurulması istiqamətində mühüm işlərə imza atıb.

Görüş zamanı Kişineu Pedaqoji Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin fəaliyyətə başlaması və universitetlər arasında elmi, mədəni əməkdaşlığın qurulması ilə bağlı anlaşma memorandumu imzalanıb.

Kişineu Pedaqoji Universitetinin rektoru Aleksandra Barbarneaqra akademik Kamal Abdullanı 75 illik münasibətilə təbrik edib, universitetlər arasında elmi, mədəni əlaqələrin qurulmasında göstərdiyi diqqətə və qayğıya görə təşəkkür edib.

Kamal Abdulla göstərilən yüksək etimada və dəyərə görə Kişineu Pedaqoji Universitetinin rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirib.

Qeyd olunub ki, universitetlər arasında əməkdaşlığın qurulması yeni elmi perspektivlərdən xəbər verir.

Bildirilib ki, ADU-nun xarici ölkə universitetlərində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin sayı bu gündən etibarən doqquza çatır.

Kamal Abdulla çıxışında Kişineu Pedaqoji Universitetində fəaliyyət göstərəcək Azərbaycan dili və mədəniyyəti mərkəzinin ölkələr arasında elmi, mədəni əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Görüş elmi, mədəni əlaqələr ətrafında müzakirələrlə davam edib.

Xəbər lenti