Logo

“Birinci Türkoloji Qurultayın 100 illiyi: əlifba məsələləri” - ADPU-da elmi seminar

09.12.2025 16:21 58 baxış
IMG

Dekabrın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının və Türkoloji Mərkəzinin birgə təşkilatçılığı ilə “Birinci Türkoloji Qurultayın 100 illiyi: əlifba məsələləri” adlı elmi seminar keçirilib.

Universitetdən TƏHSİL.BİZ-ə bildirilib ki, tədbirdə universitet rəhbərliyi, alimlər, elmi mərkəzlərin nümayəndələri, tədqiqatçılar və tələbələr iştirak ediblər.

Tədbirin açılışında ADPU-nun rektoru professor Cəfər Cəfərov Birinci Türkoloji Qurultayın Türk dünyasının elmi irsindəki rolundan danışıb. Rektor vurğulayıb ki, qurultay yalnız əlifba məsələlərinin deyil, ümumtürk elmi inteqrasiyasının, ortaq mədəni-mənəvi platformanın formalaşmasının təməlini qoyan mühüm hadisədir. Qeyd edib ki, 1926-cı ildə keçirilmiş qurultay türk dillərinin inkişafı üçün elmi baza yaradıb və bu gün türk ölkələri arasında dil siyasətinin koordinasiyası, ortaq əlifba ideyası və terminoloji harmonizasiya kimi məsələlər üçün strateji əhəmiyyət daşıyır. Rektor ADPU-nun bu istiqamətdə apardığı elmi araşdırmaların və təşkil etdiyi tədbirlərin türkoloji elmin inkişafına sistemli şəkildə töhfə verdiyini bildirib. ADPU-nun Türkoloji Mərkəzi və dilçilik strukturları türk dillərinin müqayisəli tədqiqi, elmi əməkdaşlıq layihələri, birgə simpoziumlar və tələbə-alim mübadiləsi istiqamətində mühüm fəaliyyət göstərdiyini qeyd edən rektor bu seminarın yalnız tarixi irsin müzakirəsi deyil, həm də Türk dünyasının elm və təhsil sahəsində gələcək əməkdaşlıq perspektivlərini müəyyənləşdirən platforma olduğunu bildirib. Diqqətə çatdırıb ki, müasir qlobal çağırışlar fonunda türk dillərinin inkişafı, onların qarşılıqlı yaxınlaşması və ortaq elmi yanaşmaların hazırlanması mühüm elmi prioritet kimi gündəmdə qalır.

Azərbaycan Dillər Universitetinin professor-məsləhətçisi Adil Babayev geniş məruzə ilə çıxış edərək I Türkoloji Qurultayın tarixi mahiyyəti və müasir türkoloji elmin inkişafındakı rolunu müxtəlif aspektlərdən təhlil edib. O bildirib ki, 1926-cı ildə keçirilmiş qurultay təkcə əlifba islahatı ilə bağlı müzakirələrin aparıldığı platforma deyil, həm də Türk dünyasının elmi, mədəni və ideoloji inteqrasiyasına təkan verən dönüş nöqtəsi olub. A. Babayev qeyd edib ki, həmin dövrdə əlifba məsələsinin gündəmə gətirilməsi türk xalqlarının maariflənməsi, savadlılıq səviyyəsinin yüksəldilməsi və elmi biliklərin daha geniş kütlələrə çatdırılması baxımından strateji əhəmiyyət daşıyırdı. Əlifbanın dəyişdirilməsi yalnız texniki və ya yazı sistemi ilə bağlı məsələ deyil, həm də milli kimliyin, mədəni yaddaşın və dilin inkişafının mühüm komponentidir. Bu səbəbdən qurultayda aparılan müzakirələr XX əsrin əvvəllərində türk xalqlarının modernləşmə prosesinə ciddi təsir göstərib. Qurultay müasir dövr üçün də aktual olan bir sıra prinsipləri müəyyən edib və türk xalqlarının qarşılıqlı anlaşması, elmi əməkdaşlığın genişləndirilməsi və dil siyasətində səmərəli koordinasiyanın aparılması baxımından tarixi təcrübə rolunu oynayır. Adil Babayev bu kontekstdə dilçilik elminin qarşısında duran yeni çağırışlara toxunaraq vurğulayıb ki, bu çağırışların öyrənilməsi və həll yollarının işlənməsi müasir türkoloji tədqiqatların prioritet istiqamətlərindən biridir.

Qarabağ Universitetinin Elm şöbəsinin müdiri dosent Elçin İbrahimov I Türkoloji Qurultayda müzakirə olunan əlifba məsələlərinin tarixi kontekstini geniş təhlil edərək, həmin müzakirələrin Azərbaycan və ümumtürk dilçilik elminin sonrakı inkişafına təsirini təhlil edib. Elçin İbrahimov, həmçinin qurultayda latın qrafikasına keçid, fonetik strukturun uyğunlaşdırılması, vahid terminoloji baza yaradılması kimi məsələlərin müasir dövrdə aktuallığını vurğulayıb. O bildirib ki, bu gün türk ölkələri arasında ortaq dil siyasətinin formalaşdırılması və qrafik sistemlərin yaxınlaşdırılması istiqamətində aparılan işlər həmin qurultayın irsi ilə birbaşa bağlıdır.

Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini türk dilləri üzrə tədqiqatçı Fərhad Cabbarov, Türkoloji Mərkəzinin müdiri professor Nərminə Yusifova, ADPU-nun Türk dilləri kafedrasının müəllimi Mahmud Allahmanov, Filologiya fakültəsinin dosenti Ədalət Abbasov, Azərbaycan dilçiliyi kafedrasının dosenti Sevinc Sadıqova çıxışlarında Türkoloji Qurultayının 100 illiyinin elmi dəyəri və bu irsin gələcək tədqiqatlar üçün əhəmiyyətini vurğulayıblar. Çıxışlarda müasir dövrdə türk dillərinin bir-birinə yaxınlaşması, dil siyasətinin koordinasiyası və elmi resursların paylaşılması məsələlərinə toxunulub, qlobal çağırışlar fonunda türk ölkələri arasında elmi əməkdaşlıq daha strateji xarakter aldığı qeyd edilib.

Seminarın sonunda mövzu ətrafında geniş elmi müzakirələr aparılıb, iştirakçıların fikir və təklifləri dinlənilib. Alimlər Qurultayının 100 illiyinin yalnız tarixi hadisə kimi deyil, həm də gələcək tədqiqatlar üçün zəngin elmi baza kimi dəyərləndirilməsinin vacibliyini qeyd ediblər.

Xəbər lenti