Logo

Bakıda “Turan Balabilgə Akademiyası” təsis olunub

09.12.2025 14:14 96 baxış
IMG

Dekabrın 5-də Bakıda “Turan Balabilgə Akademiyası”nın təsis iclası keçirilib. Birinci Türkoloji Qurultayın 100 illiyi ərəfəsində keçirilən tədbirdə Türk dövlətlərindən görkəmli ziyalılar, elm və ictimaiyyət nümayəndələri, deputatlar və digər fəxri qonaqlar iştirak ediblər.

TƏHSİL.BİZ  xəbər verir ki, tədbir iştirakçıları şagirdlərin hazırladığı bədii proqramla qarşılandıqdan sonra Hədəf Liseyində “Turan çadırı”nın açılışını ediblər. 

Ölkəmizlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr Türk Cumhuriyyəti, Makedoniya və Moldovadan olan nümayəndələrin də qatıldığı təsis yığıncağının iştirakçılarını salamlayan "Hədəf" Şirkətlər Qrupunun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq bildirib ki, mühüm tarixi missiyanı yerinə yetirən Türk Dövlətləri Təşkilatı ortaq tarixi və etnik kökləri, müştərək milli-mənəvi dəyərləri birləşdirir və yaşadır. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artmasında mühüm rol oynayır, Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji, nəqliyyat, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın dərinləşməsinə öz dəyərli töhfələrini verir. İctimai təşkilatlar, elm-təhsil, mədəniyyət ocaqları da ortaq tarixi və etnik köklərə söykənən qardaşlıq əlaqələrinin möhkəmlənməsində yaxından iştirak edirlər. 

Natiq vurğulayıb ki, 2025-ci il oktyabrın 8-də Qazaxıstanın Almatı şəhərində yerləşən Turan Universitetində təsis edilən “Turan Akademiyası” da bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərin davamıdır. Akademiyanın ilk toplantısında Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” tezisi əsas götürülərək təşəbbüsümüzlə Bakı Hədəf Liseyində “Turan Balabilgə Akademiyası”nın yaradılması qərara alınıb. Qısa zaman ərzində təşkilati işlər başa çatdırılaraq təsis yığıncağına ciddi hazırlıq görülüb. 

Yığıncaqda “Turan Balabilgə Akademiyası”nın fəxri və qurucu üzvlərindən Qazaxıstanın Turan Universitetinin rektoru Rahman Alışanov, türkoloq alim Firudin Cəlilov çıxış edərək “Turan Balabilgə Akademiyasının” fəaliyyətinə uğurlar arzulayıb, türk tarixi və mədəniyyəti ilə bağlı müəllifi olduqları kitabları Hədəf Liseyinə hədiyyə ediblər. 

Milli Məclisin deputatı Cavanşir Feyziyev, şair Rüstəm Behrudi, Türk Xalqları Toplantısının rəhbəri, Turan Akademiyası rektorunun köməkçisi Mahmud Oral, Turan Universiteti rektorunun köməkçisi Gülzhanat Tayauva, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Hikmət Quliyev, Mədəniyyət Nazirliyinin əməkdaşı Fariz Yunisli  və digərləri çıxış edərək bildiriblər ki, Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru qətiyyətlə atılan addımlar davamlı xarakter daşıyır. “Turan Balabilgə Akademiyası”nın yaradılması da ortaq Türk mədəniyyəti, tarixi, dil və elmi ənənələrinin araşdırılması və təbliği, Türkdilli ölkələrdə və icmalarda elm, təhsil və innovasiyaların inkişafına yönəlmiş tədbirlərin keçirilməsi, Türk xalqları məktəbliləri arasında əməkdaşlıq və akademik-mədəni əlaqələrə töhfə vermək baxımından əhəmiyyətlidir. Akademiyada ideyası milli kimliyə və müdrikliyə əsaslanan, həm texnoloji, həm də mənəvi dəyərlərlə zəngin, gələcəyə fikirlə yön verən türk gənci modeli yaradılmalıdır. Bu gənclər həm tarixini bilən, həm gələcəyi quran, həm də bəşəri elmə inteqrasiya olunmağı bacaran nəsil olmalıdır.

İclasda Şəmil Sadiq “Turan Balabilgə Akademiyası”nın  prezidenti, Mirkan Aydın vitse-prezidenti, Elvin Əliyev isə elmi katibi seçiliblər.  

Çıxışlardan sonra “Turan Balabilgə Akademiyası”nın nizamnaməsi və loqotipi təsdiq edilib. Bildirilib ki, akademiya fəaliyyətini könüllülük, bərabərlik, özünüidarəetmə, akademik azadlıq, mədəni ənənələrə hörmət və Azərbaycan Respublikasının qanunvericiliyinə riayət prinsipləri əsasında, “Turan Balabilgə Akademiyası”nın nizamnaməsinə uyğun şəkildə həyata keçirir. Hüquqi şəxs statusuna malik olmayan akademiyanın fəaliyyətinə dair təşkilati və metodiki dəstəyi Hədəf Liseyi təmin edir.
Sonra fəxri və qurucu üzvlərə diplom və plaketlər, “Turan Balabilgə Akademiyası”nın ilk üzvləri və bölmə rəhbərləri seçilən balabilgələrə isə sertifikat və nişanlar təqdim olunub.

TÜRKSOY-un baş katibi Sultan Raev, Turan Universitetinin rektoru və Turan Akademiyasının prezidenti Rahman Alşanov və tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Firudin Cəlilov Naxçıvanın təbii daş duzundan hazırlanmış, üzərində Orxon-Yenisey əlifbası həkk edilmiş “Turan Balabilgə Akademiyası”nın ilk mükafatına - “Turan bilgəsi” nominasiyasına layiq görülüblər. Digər qonaqlara da xatirə hədiyyələri, Türk tarixi və Türk birliyindən bəhs edən kitablar verilib. Sonra Azərbaycan Nəşriyyatlar Assosasiyası İctimai Birliyinin (ANAİB) təşkil etdiyi Sumqayıt kitab sərgisi ilə tanışlıq olub.

Təsis yığıncağının iştirakçıları səfər proqramı çərçivəsində Bakı şəhərinin tarixi məkanlarında olub, Şəhidlər xiyabanını və Zəfər muzeyini ziyarət ediblər.

Xəbər lenti