Məlum olduğu kimi, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu iki mərhələdə olmaqla internet vasitəsilə aparılır. Ərizə qəbulunun birinci mərhələsi fevralın 20-dən martın 5-dək həyata keçirilib. Həmin mərhələdə ali təhsil müəssisələrinə (o cümlədən V ixtisas qrupu üzrə) və tam (11 illik) orta təhsil bazasında kollecə qəbul olmaq istəyənlər qeydiyyatdan keçiblər.
Dövlət İmtahan Mərkəzindən TƏHSİL.BİZ-ə bildirilib ki, bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanı vermiş, lakin fevralın 20-dən martın 5-dək ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarının müraciətləri nəzərə alınaraq, onların da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçməsinə imkan yaradılacaq.
Qeyd 1. I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək üçün qeydiyyat aprelin 17-dən mayın 1-dək aparılacaq. Qəbul imtahanının birinci cəhdi mayın sonu - iyunun əvvəlində keçiriləcək. Dəqiq tarixlər barədə əlavə məlumat veriləcək.
Qeyd 2. Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtini ödəmiş, lakin fevralın 20-dən martın 5-dək keçirilmiş ərizə qəbulu zamanı “Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyirəm” bəndini seçməyən abituriyentlərə yayda kolleclərin ixtisas seçimində iştirak etməyə icazə veriləcək.