Logo

TDT-nin Regional Su Forumunda Beynəlxalq Türk Akademiyasının hesabatı təqdim edilib

06.03.2025 17:27 41 baxış
IMG

Brüsseldə Türk Dövlətləri Təşkilatının (TDT) Regional Su Forumu keçirilib.

Tədbir Türk Dövlətləri Təşkilatının, Macarıstan İxracın Təşviqi Agentliyi (HEPA) və Quraqlığın Qarşısının Alınması İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Beynəlxalq Türk Akademiyasından TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirin gündəliyi regional əməkdaşlığın inkişafı, dayanıqlı su texnologiyalarının təşviqi və yaşıl inkişafa investisiya imkanlarının araşdırılması məsələlərinə yönəlib.

Açılış mərasimində çıxış edən TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev su çatışmazlığı və iqlim problemlərinin həllində regional əməkdaşlığın müstəsna əhəmiyyətini vurğulayıb. O, quraqlıq və digər ekoloji təhdidlərə qarşı dayanıqlılığı artırmaq üçün TDT-nin innovativ həllər və tədbirlər hazırlamaq sahəsindəki rolunu qeyd edib.

Sonra Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev “Türk dövlətlərində davamlılıq və su üçün əməkdaşlıq” mövzusunda regional icmal təqdim edib. O, əhalinin artımı, iqlim dəyişikliyi və transsərhəd su problemlərindən qaynaqlanan su təhlükəsizliyinin regionun aktual problemlərindən biri kimi ortaya çıxdığını vurğulayıb. Şahin Mustafayev Aral dənizinin qurumasının nəticələrinə və Xəzər dənizinin tükənməsi təhlükəsinə xüsusi diqqət yetirərək, su ehtiyatlarının qorunması üçün birgə səylərin gücləndirilməsinə çağırış edib.

O, Türk Akademiyasının “Türk dövlətlərində suya gələcəyə baxış və dayanıqlılıq üzrə əməkdaşlıq” adlı hesabatını təqdimat edib. Hesabatda regionda su təhlükəsizliyinin təmin edilməsinə dair strateji yanaşmalar, beynəlxalq əməkdaşlıq üçün praktik həllər və mexanizmlər təklif edilib.

Akademik Şahin Mustafayev vurğulayıb ki, “Türk Dünyasına Baxış – 2040”da qarşıya qoyulan məqsədlərə nail olmaq səmərəli su siyasəti, innovativ həllər və bütün maraqlı tərəflərin birgə səyləri olmadan mümkün deyil.

Hesabat forum iştirakçılarının böyük marağına səbəb olub, diplomatlar, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri onun aktuallığını və dəyərini etiraf ediblər.

TDT-nin Regional Su Forumu su ehtiyatlarının idarə edilməsində ekspert müzakirələri, layihə təqdimatları və tərəfdaşlıq əlaqələrinin qurulması üçün mühüm platforma rolunu oynayaraq öz işini yekunlaşdırıb.

Xəbər lenti