Təhsil müəssisələrində psixoloji xidmətlərin rolunun artırılması şagirdlərin akademik göstəricilərini yüksəltməklə yanaşı, onların emosional və sosial inkişafını da dəstəkləyir. Bu xidmətlər vasitəsilə məktəb daxilində müsbət psixoloji iqlim formalaşır, müəllim-şagird, şagird-şagird və şagird-valideyn münasibətləri daha sağlam və konstruktiv xarakter alır.
TƏHSİL.BİZ bu məsələlərlə bağlı Mingəçevir təhsil sektorunun Psixoloji-Tibbi-Pedaqoji Komissiyasının (PTPK) sədri Günel Abdullayeva ilə danışıb.
– Mingəçevir Psixoloji-Tibbi-Pedaqoji Komissiyasının əsas vəzifələri hansılardır?
– Komissiyamızın əsas vəzifəsi təhsil müəssisələrində psixoloji xidmətlərin təşkilini təmin etmək və onların keyfiyyətini artırmaqdır. Şagirdlərin psixoloji sağlamlığını qorumaq, ehtiyac sahibi olan uşaqlara dəstək göstərmək və təhsil prosesində qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq üçün müxtəlif proqramlar həyata keçiririk.
– Məktəblərdə psixoloji xidmətlərin təşkili necə həyata keçirilir?
– Məktəblərdə psixoloji xidmətlərin təşkili ehtiyacların müəyyənləşdirilməsi ilə başlayır. Hər bir məktəbə psixoloq və ya psixoloq qrupu təyin edilir. Bu mütəxəssislər şagirdlərin psixoloji vəziyyətini monitorinq edir, mütəmadi konsultasiyalar keçirir və ehtiyac olduqda mütəxəssis yardımına yönləndirirlər. Eyni zamanda, müəllimlər və valideynlərlə əməkdaşlıq edərək, şagirdlərin inkişafını dəstəkləyən tədbirlər həyata keçiririk.
– Komissiya hansı proqram və layihələr üzərində işləyir?
– Hazırda bir neçə proqram və layihə həyata keçiririk. “Şagirdlərin emosional intellektinin inkişafı” layihəsi çərçivəsində şagirdlərin öz emosiyalarını idarə edə bilməsi məqsədilə seminar və təlimlər keçiririk. “Stresin idarəedilməsi” proqramı vasitəsilə həm şagirdlərin, həm də müəllimlərin streslə mübarizə üsullarını öyrənmələrinə dəstək veririk.
– Psixoloji xidmətlərin effektivliyini necə qiymətləndirirsiniz?
– Psixoloji xidmətlərin effektivliyini qiymətləndirmək üçün bir neçə metoddan istifadə edirik. Bunun üçün şagirdlər və müəllimlər arasında məmnunluq sorğuları keçiririk. Akademik göstəricilərdə və şagirdlərin ümumi rifah səviyyəsindəki dəyişiklikləri izləyirik. Psixoloji dəstək alan şagirdlərin davranış və emosional vəziyyətlərindəki müsbət dəyişiklikləri qeydə alırıq.
– Valideynlərin bu prosesdə rolu necədir?
– Valideynlər bu prosesdə əsas tərəfdaşlardan biridir. Onlarla müntəzəm ünsiyyət saxlayır, uşaqların psixoloji rifahını dəstəkləmək üçün məsləhətlər veririk. Valideyn seminarları və fərdi konsultasiyalar vasitəsilə onların bilik və bacarıqlarını artırır, övladlarının inkişafını daha yaxşı şəkildə dəstəkləmələrinə yardım edirik.
– Komissiyanın gələcək planları və hədəfləri nələrdir?
– Gələcəkdə psixoloji xidmətlərin daha geniş yayılmasını və hər məktəbdə peşəkar psixoloji dəstək qruplarının yaradılmasını planlaşdırırıq. Texnologiyanın imkanlarından istifadə edərək onlayn konsultasiya xidmətlərini genişləndirmək, psixoloji sağlamlıq haqqında maarifləndirmə kampaniyaları keçirmək, elmi tədqiqatlarla sahəmizi zənginləşdirərək müasir metod və yanaşmaları tətbiq etmək hədəflərimiz sırasındadır.
– Siz həm də Mingəçevir şəhər 14 nömrəli tam orta məktəbin psixoloqusunuz. Məktəb psixoloqu kimi şagirdlərlə işləyərkən hansı üsullardan istifadə edirsiniz?
– Günlük işim korreksiya, diaqnostika, konsultasiya, profilaktika və tədqiqat metodlarına əsaslanır. Eyni zamanda, valideynlərlə və müəllimlərlə əməkdaşlıq edərək uşaqların inkişafına kompleks yanaşma tətbiq edirəm. Şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə alaraq Geştalt terapiyası, Koqnitiv Davranış Terapiyası, art terapiya və Kids Skills metodlarından istifadə edirəm. Bu yanaşmalar şagirdlərin psixoloji sağlamlığını və sosial bacarıqlarını inkişaf etdirməyə kömək edir.
– Sizcə, bu gün psixoloqlar təhsil prosesinə necə töhfə verirlər?
– Müasir təhsil sistemində psixoloqların rolu getdikcə artır. Şagirdlərin yalnız akademik bilikləri deyil, eyni zamanda, psixoloji sağlamlığı, sosial və emosional inkişafı da vacibdir. Psixoloqlar şagirdlərin problemlərini vaxtında aşkarlamaqla təhsil prosesinin daha səmərəli olmasına şərait yaradırlar.
– Məsələn, psixoloqlar şagirdlərin öyrənmə prosesində qarşılaşdıqları çətinlikləri müəyyənləşdirir və dəstək verir. Emosional və davranış problemlərinin həllində kömək edir. Sosial bacarıqların inkişafını təşviq edir.
– Şagirdlər arasında bullinq problemi ilə necə mübarizə aparırsınız?
– Bullinq, təəssüf ki, məktəblərdə rast gəlinən ciddi problemlərdən biridir. Bu məsələni həll etmək üçün bir neçə istiqamətdə iş aparırıq. Şagirdlərə bullinqin nə olduğu, onun fəsadları haqqında məlumat veririk. Onlara izah edirik ki, hər birinin hüquqları var və zorakılığa məruz qalmamalıdırlar. Empatiya və sosial bacarıqların inkişafı üçün qrup terapiyaları, interaktiv oyunlar keçiririk. Bu, şagirdlərin bir-birini daha yaxşı anlamasına, hörmət etməsinə kömək edir. Bullinq halları aşkar edilərkən valideynləri və müəllimləri məlumatlandırır, birgə həll yolları axtarırıq. Həm bullinqə məruz qalan, həm də bullinq edən şagirdlərlə fərdi olaraq işləyirik. Onların davranışlarının səbəblərini araşdırır, müvafiq dəstək veririk. Bullinqin tamamilə qarşısını almaq çətin olsa da, onun təsirini minimuma endirmək üçün bu addımların atılması çox vacibdir.