Logo

Pedaqoji Universitetdə “Naxçıvanlı elmlər doktorları” kitabının təqdimatı olub

19.12.2024 11:50 50 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzində ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanovun “Naxçıvanlı elmlər doktorları” kitabının təqdimatı keçirilib.

Bu barədə TƏHSİL.BİZ-ə universitetdən məlumat verilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, şəhidlərimizin və Azərbaycanın elmi-ictimai tərəqqisində mühüm rol oynamış görkəmli alimlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi qeyd edilir və bununla əlaqədar Tədbirlər Planı təsdiq olunub. Professor Asəf Zamanovun bu ensiklopedik əsərini də Pedaqoji Universitetin muxtar respublikanın 100 illiyinə töhfə hesab etmək olar.

Daha sonra Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri akademik Nizami Cəfərov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Vüqar Əhməd, ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri professor Fərrux Rüstəmov və Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru professor Nazim Kazımov çıxış ediblər. Çıxışlarda əsərin xüsusən elm tarixi və görkəmli alimlərin irsinin öyrənilməsi baxımından müstəsna əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Qeyd olunub ki, 100 ildən artıq tarixi olan Pedaqoji Universitet və burada çalışan alimlər milli təhsilimizin və elmimizin inkişafına dəyərli töhfələr veriblər. Professor Asəf Zamanovun sözügedən əsəri də bu kontekstdə növbəti nümunə hesab oluna bilər.

Sonda çıxış edən professor Asəf Zamanov vurğulayıb ki, kitabda 300 nəfərdən çox naxçıvanlı və əslən Naxçıvandan olan alimlərin - elmlər doktorlarının həyat və elmi yaradıcılıqları haqqında məlumat əks olunur. Bildirilib ki, kitab ilk dəfə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş konfransda təqdim olunub.

Xəbər lenti