Logo

Radiasiya Problemləri İnstitutunun illik hesabatı: 5 yerli və 1 beynəlxalq patent

19.12.2024 15:26 33 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Elmi şurasının 2024-cü il ərzində həyata keçirilmiş elmi-tədqiqat və elmi-təşkilati işlərinin yekun hesabatına həsr olunmuş iclası keçirilib.

Bu barədə TƏHSİL.BİZ-ə institutdan bildirilib. Tədbirdə bildirilib ki, Radiasiya Problemləri İnstitutunda tədqiqatlar radiasiya təhlükəsizliyi, radiasiya materialşünaslığı, radiasiya texnologiyaları, ekoloji təmiz energetika kimi 4 elmi istiqamətdə, 10 mövzu və 27 iş üzrə həyata keçirilib. Əldə edilən nəticələr 278 nəşrdə, o cümlədən 27-i Q1 siyahısında olmaqla 133 impakt faktorlu jurnalda nəşr edilib, nüfuzlu konfranslarda təqdim olunub. Radiasiya təhlükəsizliyinin elmi əsasları, radioaktiv material və maddələrin təbiətdə paylanması ilə əlaqəli ekoloji problemlər üzrə institutda 3 laboratoriya fəaliyyət göstərir. Laboratoriyalar “Böyük Qayıdış” Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq Ağdam, Fizuli, Cəbrayıl, Kəlbəcər rayonlarında kəhrizlərin bərpası və radionuklid tərkibi üzrə, İstisu və bağırsaq dərəsi termal su mənbələrinin radionuklid və kimyəvi tərkibi, radiasiya fon səviyyəsi, Zəngilan rayonu ərazisindəki torpaqlarda pestisid qalıqlarının paylanması üzrə tədqiqatlar aparıb, su tərkibi qiymətləndirilib, radioaktiv risk səviyyələri müəyyənləşdirilib, tövsiyələr hazırlanıb. Radionuklidlərlə çirklənmiş torpaqların yeni dezaktivasiya üsulu işlənıb və ixtiraya müvafiq patent alınıb (İ-20240029). Bununla yanaşı, yağlı bitki meyvələrinin (qoz, fındıq, şabalıd, badam, fıstıq, püstə) saxlama müddətini artırmaq, səthlərinin mikroorqanizmlərlə çirklənməsini dayandırmaq və onlarda təbii toksinlərin əmələ gəlməsinin qarşısını almaq məqsədilə onların sterilizasiyası üzrə tədqiqatlar aparılıb və 10,0 kGy udulan doza ilə şüalandırılmanın kifayət olduğu müəyyənləşdirilib.

Qeyd edilib ki, institut patent və ixtiraçılıq sahəsində nailiyyətlər qazanıb. 2024-cü ildə institut əməkdaşları tərəfindən 5 yerli, 1 beynəlxalq patent əldə edilib. Əqli Mülkiyyət Agentliyi tərəfindən tərtib olunan siyahıda institut alimlərinin aldıqları 3 patent “Yaşıl Patentlər“ arasında yer alıb. İnstitutda Avropa Komissiyasının - 2 Horizon qrant layihəsi yerinə yetirilir. Bu tədqiqatlar institut alimləri tərəfindən hazırlanmış diodların müasir tibb və bioloji elmlər sahəsində tətbiqinə xidmət edir.

Hesabat dinlənildikdən sonra müzakirələr aparılıb və yekdilliklə qəbul edilib.

Xəbər lenti