Təhsilin inkişafına dəstək vermək istəyənlər bir araya gəldi
Təhsilin İnkişafı Fondu “Tərəfdaşlıqla formalaşan gələcək” adlı tədbir keçirib. Dövlət və özəl sektorun nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri Fondun hesabat tədbiri də adlandırmaq olardı. Belə ki, TİF-in 3 illik fəaliyyətini əks etdirən videoçarx və Fondun İdarə Heyətinin sədri Elnur Nəsibovun indiyədək ən çox maraq doğuran layihə - “TələbəPlus” proqramı ilə bağlı təqdimatı olub.
Təhsil sahəsində innovativ layihələr və proqramların hazırlanması Fondun əsas məqsədlərindəndir
Elnur Nəsibov təhsilin iqtisadiyyata inteqrasiyasının, dövlət-özəl tərəfdaşlığının, təhsil sahəsində innovativ layihələr və proqramların hazırlanmasının Fondun əsas məqsədlərindən olduğunu bildirib.
E.Nəsibov Təhsilin İnkişafı Fondunun təhsilin bütün pillələrində təhsilalanlara və təhsilverənlərə yönəlik müxtəlif layihələr həyata keçirdiyini, infrastruktur layihələri icra etdiyini, habelə təhsil sahəsində dövlət-özəl tərəfdaşlığını təşviq etdiyini vurğulayıb. Fondun əsas tərəfdaşlarının dövlət və özəl ali təhsil müəssisələri, sənaye qurumları, banklar və maliyyə sistemləri şirkətləri, yerli və beynəlxalq özəl sektor qurumları olduğunu qeyd edən sədr bütün tərəfdaşlara təşəkkürünü bildirib.
Kapital Bank TİF-lə birlikdə daha 2 layihə hazırlayır
Kapital Bankın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə təmsil etdiyi qurumun sosial məsuliyyət çərçivəsində Elm və Təhsil Nazirliyi ilə bir çox layihələr həyata keçirdiyini, ölkəmizin gələcəyində əhəmiyyətli rola malik olan tələbələrə töhfə verməkdən qürur duyduğunu bildirib. O, “TələbəPlus” kartının tələbələrə xüsusi imtiyazlar təqdim etməklə yanaşı, onların gündəlik həyatlarını daha rahat və rəqəmsal bir müstəviyə keçirəcəyini, tələbəlik dövründən maliyyə əlçatanlığını təmin edəcəyini, eləcə də gündəlik xərclərini daha səmərəli şəkildə izləmək fürsəti yaradacağını vurğulayıb. F.Hidayətzadə əlavə edib ki, TİF-lə daha 2 layihə üzərində çalışırlar.
“Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti Azərbaycan təhsilinə dəstək göstərməyə hazırdır
“Visa”nın Azərbaycan üzrə ölkə meneceri Nurlan Hacıyev rəqəmsal ödəmələrdə dünya lideri olan “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin Azərbaycan təhsilinə dəstək göstərməyə hər zaman hazır olduğunu qeyd edib və bu layihənin bir hissəsi olmasından məmnunluq hissini bildirib.
“Özümü şanslı tələbələrdən hiss edirəm”
“TələbəPlus” kartının ilk istifadəçilərindən olan Azərbaycan Texniki Universitetinin II kurs magistr tələbəsi Həmidə Zeynalzadə tələbə kartları alan 20 ail təhsil müəssisəsi arasında AzTU-nun da olmasına sevinir, özünü şanslılardan sayır: “Tələbə plus kartı çoxfunksiyalıdır. Artıq kitab almaq üçün muzeylərdə yararlanmışam. “Walt” tətbiqindən çox istifadə edirəm. Bir qadın olaraq endirim imkanları məni xüsusilə sevindirir. Özümü çox şanslı tələbələrdən hiss edirəm. Məsələn, yaxın rəfiqəm TİF-lə müqaviləsi olmayan universitetdə təhsil alır. Onun mənə həsədlə baxdığını gördükcə şanslı olduğumu hiss edirəm”.
Nəqliyyat vasitələrində endirimi isə səbirsizliklə gözləyir: “Nəqliyyatdan az istifadə edən biri belə gün ərzində azı 2-3 manat nəqliyyata xərclıəyir. Doğulduğum Hacıqabul rayonuna da gedəndə daha çox pul çıxır. Odur ki, nəinki şəhərlərarası nəqliyyatda, nəqliyyatın bütün növlərində ölkədaxili gedişlərdə endirim arzusu ilə Təhsilin İnkişafı Fondunun elan edəcəyi yenilikləri səbirsizliklə gözləyirəm”.
“Tərəfdaşlıqla formalaşan gələcək” də yeni əməkdaşlıqlar başladı
Tədbirdə Təhsilin İnkişafı Fondu Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ilə əməkdaşlıq memorandumu imzalayıb. Sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Araz Paşayev imzalayıblar.
Növbəti əməkdaşlıq memorandumu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov ilə “Azərbaycan Nəşriyyatları Assosiasiyası”nın İdarə Heyətinin sədri Şəmil Sadiq arasında imzalanıb.
Yeni əməkdaşlıqlar da uzaqda deyil. Belə ki, Bakı Kitab Mərkəzinin əməkdaşı Cəmilə Əsgərova tanışlıq məqsədi ilə tədbirdə iştirak edib: “Təhsilin İnkişafı Fondunun “TələbəPlus” kartı barədə məlumatlıyıq. TİF-in tədbirində layihələr və yeniliklərlə yaxındn tanış olmaq məqsədi ilə təmsil olunuruq. TələbəPlus-a biz də qoşulacağıq”.
C.Əsgərova deyib ki, müəllimlər üçün nəzərdə tutulan “Təhsil kartı”nda da TİF-lə əməkdaşlığa hazırdırlar: “Ümumiyyətlə, təhsilə hər cür dəstək verməyə hazırıq.
“Nar”ın PR və Korporotiv ünsiyyət departamentinin rəhbəri Hökümə Kərimova deyib ki, “Nar” təhsil sahəsində fərqli layihələrə dəstək verir: “Korporotiv sosial məsuliyyət çərçivəsində çalışırıq ki, Bakıda və regionlarda maarifçi layihələrə dəstək olaq, TİF-lə də əməkdaşlığa hazırlaşırıq, birlikdə nə edə biləcəyimizə baxacağıq”.
H.Kərimova əlavə edib ki, “TələbəPlus”-la bağlı eşitmişik və ümumi müzakirələrimiz olub. 2025-ci ildə daha dəqiq planlarımız olacaq”.
Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən Cadenza Orkestrinin təqdimatında bədii hissə ilə yekunlaşıb.