Logo

Azərbaycan dilində çap olunan “Şavkat Mirziyoyev fenomeni" kitabının təqdimatı keçirilib

18.12.2024 20:07 80 baxış
IMG

Dekabrın 18-də Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanada Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən nəşr olunmuş özbək dövlət xadimi və siyasətçisi Qüdrətülla Rəfiqovun “Şavkat Mirziyoyev fenomeni" kitabının təqdimatı keçirilib.

Əvvəlcə AYB-nin təşəbbüsü ilə ölkəmizə dəvət olunan Özbəkistan nümayəndə heyəti və digər tədbir iştirakçıları Milli Kitabxanada 2019-cu ildə yaradılmış “Özbəkistan guşəsi”ni ziyarət ediblər. Guşədə sərgilənən özbək dilindəki nəşrlər barədə qonaqlara ətraflı məlumat verilib. Özbək yazıçıları və millət vəkilləri bu guşənin xalqlarımız arasında ədəbi-mədəni əlaqələrin səviyyəsinin göstəricisi olduğunu bildiriblər.

Daha sonra kitabxananın konfrans zalında davam edən tədbirdə Milli Kitabxananın direktoru professor Kərim Tahirov qonaqları salamlayıb, nəşrin məziyyətləri barədə danışıb.

Tədbirin moderatoru AYB sədrinin müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid iki ölkə arasında ədəbi-mədəni əlaqələrdən söz açıb. O, “Şavkat Mirziyoyev fenomeni" kitabının nəfis tərtibatı, tərcümə keyfiyyətini yüksək qiymətləndirib, nəşrin Azərbaycanda işıq üzü görməsinin təqdirəlayiq addım olduğunu bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, kitabın ön söz müəllifi şeyxülislam Allahşükür Paşazadə çıxışında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin uğurlu siyasəti, Prezident İlham Əliyevlə dostluğu və bu dostluğun iki ölkə arasında əlaqələrə müsbət təsirindən bəhs edib.

AYB-nin sədri Xalq yazıçısı Anar özbək yazıçı və şairlərin bədii nümunələrinin ümumtürk ədəbiyyatında xüsusi yeri olduğunu vurğulayıb. Qeyd edib ki, iki xalqın ədəbi əlaqələrinin belə sıx olması hər iki ölkənin ədəbiyyatının inkişafına öz müsbət təsirini göstərir. Xalq yazıçısı 85 illik yubileyində Prezident Şavkat Mirziyoyevin onu “Dostluq” ordeni ilə təltif etməsini xüsusi minnətdarlıqla yada salıb.

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Murad Hüseynov Azərbaycan və Özbəkistan mədəni əlaqələrinin ildən-ilə inkişaf etdiyini, mədəniyyətin qardaş xalqları daha da yaxınlaşdırdığını diqqətə çatdırıb.

Tədbirdə həmçinin Özbəkistan Azərbaycandakı səfiri Baxrom Aşrafxanov, Azərbaycan Milli Məclisi Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Özbəkistanın Əməkdar jurnalisti, yazıçı Xurşid Dostmuhammad, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Özbəkistanın Xalq şairi, Senatın üzvü Mahmud Toir, Milli Məclisin deputatları – Azərbaycan-Özbəkistan parlamentlərarası dostluq qrupunun rəhbəri Eldar İbrahimov, Anar İsgəndərov, Özbəkistan Yazıçılar Birliyi sədrinin müavini Qayrat Məcid, "Şavkat Mirziyoyev fenomeni" kitabının tərcüməçiləri – şair, filologiya üzrə fəlsəfə doktoru Akif Azalp, ədəbiyyatşünas Yaşar Qasımbəyli, Özbəkistan Senatının üzvü, "Vətən" jurnalının baş redaktoru, kitabın özbək dilindəki bədii redaktoru Husan Ermatov və digər qonaqlar çıxışlarında nəşrin əhəmiyyətin əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, Bakıda "Təhsil" nəşriyyatında çap olunan kitabın redaktoru Mustafa Çəmənli və Qulu Kəngərlidir.


 

Xəbər lenti