Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə test imtahanı mərhələsi keçirilir.
TƏHSİL.BİZ xəbər verir ki, təşkil olunan imtahanda 480 nəfər namizəd iştirak edib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova müsahibəsində bildirib ki, Agentliyin əsas hədəflərindən biri məktəbəqədər təhsil müəssisələrinə daha peşəkar heyətin cəlb olunmasıdır:
“Əvvəlki 2 müsabiqə nəticəsində 78 yeni bağça müdiri təyin edilib. Bu gün ikisi Bakı, biri Sumqayıt olmaqla 3 mərkəzdə namizədlər test imtahanı verəcəklər. İmtahanın test mərhələsində namizədlər məktəbəqədər təhsil və idarəetmə, oxuyub anlama bacarığı, məntiq və məktəbəqədər təhsilin məzmunu üzrə hər biri 15 sual olmaqla ümumi 60 sual təqdim edilib. Ümumi 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə buraxılırlar”, - deyə o bildirib.
Məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsində çalışmaq istəyən namizədlərdən ali pedaqoji təhsil və minimum 3 il iş stajı tələb olunur.